Bakıda görkəmli oftalmoloq-həkim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Tədbirdən əvvəl Səhiyyə Naziri Teymur Musayev, ATU rektoru, professor Gəray Gəraybəyli, nazirliyin səlahiyyətli nümayəndələri və konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər dövlət orqanların rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyət nümayəndələri, həmçinin Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan və Özbəkistandan gəlmiş görkəmli oftalmoloqlar iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.