Professor Vaqif Qələndərin monoqrafiyasını bu sahə haqda ilk kitab hesab etmək olar
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə rezidentlərinin kuratoru, tibb elmləri doktoru, professor Vaqif Qələndərin plastik və rekonstruktiv cərrahiyyədən bəhs edən “Yumşaq toxumaların kosmetik-funksional rekonstruksiyaları” adlı monoqrafiyası işıq üzü görüb.
Kitab Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının qərarına əsasən çap edilib. 260 səhifədən ibarət nəfis tərtibatla çap olunmuş monoqrafiyaya adıçəkilən institutun rektoru, professor Nazim Qasımov və Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov rəy veriblər.
Məlumat üçün bildirək ki, bu monoqrafiya müəllifin əvvəlki dərslik və dərs vəsaitlərindən sonra plastik cərrahiyyə sahəsində elmi və praktiki olaraq daha da istiqamətverici xarakterlidir. Kitabda yumşaq toxumaların böyük defektlərinin bərpasının müasir üsulları, onların üstünlükləri və çatışmazlıqları təsvir edilib, eləcə də bərpa əməliyyatlarının nəticələrini yaxşılaşdırmaq məqsədi ilə müəllifin yeni rekonstruksiya üsulları ilə bağlı təklifləri öz əksini tapıb. Yeni rekonstruksiya üsulları və yaxud klassik rekonstruksiya üsullarının modifikasiyaları ilə bağlı təkliflər professor V.Qələndərin çoxillik təcrübəsinə və klinik eksperimental tədqiqatlarının nəticələrinə əsaslanır, onların effektivliyi eksperimental təsdiqlənib. Xüsusən, dəri və dərialtı toxuma kompleksindən ibarət olan fleblərlə plastikada qan təchizatına təsir edən amillər araşdırılıb, fleblərdə işemiya və nekrozun profilaktikasında antiaqreqant və antioksidant preparatların effektivliyi öyrənilib, nəticədə dəri və dərialtı toxuma flebləri nekrozunun profilaktikası üçün tədbirlər kompleksi hazırlanıb. Yumşaq toxumaların böyük defektlərinin effektiv kosmetik-funksional bərpası üçün təklif edilmiş yeni modifikasiyalı plastika üsullarının nəticələri klassik üsullarla müqayisəli olaraq qiymətləndirilib.
Qeyd edək ki, ATU-nun tədris proqramı əsasında nəşr olunan bu elmi-praktik monoqrafiya ölkəmizdə plastik cərrahiyyəyə dair geniş mənada yazılan ilk kitabdır. Kitabdan fənnin tədrisi ilə məşğul olan professor-müəllim heyəti, rezidentura mərhələsində təhsil alan gənc həkimlər və bu sahənin tədqiqatçıları istifadə edə bilərlər.