Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Davamçı Gənclərin İkinci Forumu” keçirilib. Tədbirdə ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da iştirak edib.
Əvvəlcə Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Forumda Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan Respublikası Prezidentinin Katibliyinə rəhbərlik etmiş tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Prezident Administrasiyasının məsul əməkdaşı Sahil Məmmədli, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov, Agentlik yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Cavadov, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Hərəkatın katiblik üzvləri, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları, ali təhsil müəssisələri və media nümayəndələri, o cümlədən 500-dən çox gənc iştirak edib.
Tədbir zamanı Ulu Öndərin əziz xatirəsi yad edilib, Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərdən bəhs olunub.
Çıxışlardan sonra ötən il ərzində "Davam" Gənclər Hərəkatının sıx əməkdaşlıq etdiyi ali təhsil müəssisələri və Hərəkatın fəaliyyətində aktiv iştirak edən gənclərin təltifolunma mərasimi keçirilib. Təltif olunanlar arasında Azərbaycan Tibb Universiteti də var.
Forumun yekununda "Enerjini paylaş" devizi ilə qala gecəsi baş tutub. Qala gecəsində müğənni Fərid Mərdin iştirakı ilə konsert proqramı təşkil olunub, ardınca isə DJ Zülfüqar Hüseynovun müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.