Aprelin 27-29-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində Asiya Endoskopik və Laparoskopik Cərrahiyyə Cəmiyyətinin (ELSA) “İpək Yolu boyu Minimal İnvaziv Cərrahiyyə” adlanan 1-ci Yaz Konqresi keçirilib. Konqresdə Yaponiya, Çin, Honq-Konq, BƏƏ, Oman, Hindistan, Banqladeş, Pakistan, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Türkiyə, Sinqapur, Malayziya, Filippin, Rusiya, Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan mütəxəssislər iştirak edib.
Tədbirin proqramına Səmərqənd Tibb Universitetinin İxtisaslaşdırılmış Uşaq Cərrahiyyəsi Klinikasının bazasında müxtəlif ölkələrdən olan cərrahların endoskopik cərrahiyyənin əsas bölmələri üzrə ustad dərsləri, seminarları daxil edilib.
Konqresin açılışında Özbəkistanın səhiyyə naziri və Səmərqənd vilayətinin hakimi, o cümlədən ELSA-nın prezidenti Filip Çiu, baş katib Davide Lomanto və Yaz Konqresinin prezidenti Cəmşid Şəmsiyev çıxış ediblər. Konqresin işinə canlı olaraq 500, onlayn rejimdə isə 600-ə yaxın şəxs qatılıb.
Ümumilikdə 11 bölmə üzrə 97 məruzə dinlənilib, panel iclaslarında 67 elmi iş təqdim olunub.
Konqresdə Azərbaycanı ATU-nun Uşaq cərrahlığı kafedrasının müdiri, professor Ramiz Poluxov, assistentlər Murad Əlibəyov, Binnət Sofuyev və doktorant Mahmud İsmayılov təmsil ediblər.
ELSA tərəfindən formalaşdırılmış münsiflər heyətinin qərarı ilə ən yaxşı iki məruzə mükafatlandırılıb. Sevindirici haldır ki, bu iki işdən biri professor Ramiz Poluxovun “Uşaqlarda Hirşprunq xəstəliyinin minimal invaziv cərrahi müalicəsinin nəticələri” mövzusunda məruzəsi olub.
Konqres başa çatdıqdan sonra əməkdaşlarımıza ELSA-nın üzvlük sertifikatları verilib. Həmçinin konqres çərçivəsində Səmərqənd Tibb Universitetinin İxtisaslaşdırılmış Uşaq Cərrahiyyəsi Klinikası ilə ATU-nun Tədris Cərrahiyyə Klinikası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Gərgin iş qrafikinə baxmayaraq, konqres iştirakçılarının şəhərin tarixi yerlərinə ekskursiyaları da təşkil olunub.