Dağıstan və Özbəkistanlı qonaqlar ATU-da olub

Bu günlərdə dünyanın müxtəlif ölkələrindən qonaqlara qapılarını açan Azərbaycan Tibb Universitetində  Rusiya Federasiyasının Dağıstan Dövlət Tibb Universiteti və Özbəkistanın Buxara Dövlət Tibb İnstitutunun nümayəndə heyətləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov  qonaqlara ölkəmizdə tibb üzrə ali təhsilin strukturu, universitetin tarixi və fəaliyyəti haqqında mılumat verib: “Azərbaycan Tibb Universiteti  1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb.  ATU-nun hazırda mövcud olan 4 klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası vardır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan kitabxanası fəaliyyət göstərir. Universitetimizin 3 ixtisası Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin akkreditasiyasını keçib. Xarici tələbə sayına görə də universitetimiz birinci yerdədir”. Prorektor R.Bəylərov qonaqlara ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Rusiya Federasiyasının Dağıstan Dövlət Tibb Universitetinin Elmi işlər üzrə prorektoru Naidə Mollayeva dəvət üçün təşəkkürünü bildirərək, bu əhəmiyyətli tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. Qonaq təmsil etdiyi ali təhsil haqqında məlumat verərək ATU ilə qarşılıqlı əlaqələrin inkişafinda maraqlı olduqlarını  bildirib.

Görüşdə Rusiya Federasiyasının Dağıstan Dövlət Tibb Universitetinin Strateji inkişaf üzrə prorektoru Cəmilə Ömərova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səcidə Hacəliyeva, Özbəkistanın Buxara Dövlət Tibb İnstitutunun Gənclərlə iş, maarifləndirmə və mənəviyyat üzrə birinci prorektoru Zübeydə Bəhranova və Stomatologiya fakültəsinin dekan müavini Mamura Afakova, həmçinin ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova iştirak edirdilər.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, nümayəndə heyətinin üzvləri  ATU-nun Tədris Cərrahiyyə Klinikasını da ziyarət edərək burada yaradılan şəraitlə tanış olublar.