ATU-nun rektoru “ICME-2023 Bakı” konfransına hazırlıq məsələlərini müzakirə edib

Bu ilin oktyabrında Bakıda keçiriləcək “ICME-2023” Tibb Təhsili üzrə Beynəlxalq Konfrans bu sahədəki yeniliklərlə bağlı tibb ictimaiyyətinin məlumatlandırılması və təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıyır. Bu fikri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ICME konfransının prezidenti, professor, general Azhar Rashid ilə görüşündə səsləndirib.  

Rektor G.Gəraybəyli bu konfransın müxtəlif ölkələrin tibb təhsili verən ali məktəbləri arasında əlaqələrin yaradılması və möhkəmələndirilməsinə xidmət edəcəyini vurğulayıb. O, tədbirin yüksək səviyyədə təşkilinə nail olmaq üçün artıq təşkilat komitələrinin fəaliyyətə başladığını da bildirib.  

ICME prezidenti, Pakistanın Riphah Beynəlxalq Universitetinin Sağlamlıq və Tibb Elmləri Fakültəsinin dekanı Azhar Rashid də öz növbəsində Bakı toplantısının böyük uğurla keçəcəyindən əminliyini ifadə edib.  

Sonra Riphah Beynəlxalq Universitetinin nümayəndə heyətinin ATU-nun “ICME-2023 Bakı” toplantısının təşkilat komitəsinin üzvləri ilə görüşü keçirilib. Tərəflər beynəlxalq tədbirin təşkili ilə bağlı vacib məsələləri müzakirə ediblər.

Qeyd edək ki, ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.

Bu il nüfuzlu ICME konfransı oktyabrın 7-10 tarixlərində Azərbaycan Tibb Universiteti və Pakistanın Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı Bakıda ilə baş tutacaq.