ATU-nun təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konqres keçirilib

 

Mayın 6-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı və Azərbaycan Pediatrlar Assosiasiyasının dəstəyi ilə “Holiday İnn” hotelində beynəlxalq elmi-praktik konqres keçirilib.

Konqresdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov giriş sözü ilə çıxış edib. Bildirib ki, mayın 3-dən başlayan beynəlxalq tədbirdə dövlət rəsmiləri ilə yanaşı, 11 ölkənin nümayəndələri də iştirak edib: “Tibb Universitetinin tarixində ilk dəfə belə beynəlxalq səviyyəli konqresin keçirilməsi onu göstərir ki, universitetimiz dünya universitetləri sırasına inteqrasiya olunur.

Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan səhiyyəsinin inkişafına böyük töhfələr verib. Səhiyyəmizin inkişafında 1969-cu ildən etibarən yüksək sıçrayış nəzərə çarpmağa başlayıb. Həmin vaxtadək Sovetlər Birliyinin tanınmış ali təhsil ocaqlarında 50-ə yaxın gəncimiz təhsil alırdısa, Ulu Öndərin ölkəmizə rəhbərliyi zamanı bu say 1500-ü keçmişdi. Onların arasında tibb təhsili alan gənclərimiz də var idi.

Konqresimizdə maraqlı məruzələr dinləniləcək. Bizim xaricdən qonaqlarımız da var. Böyük Britaniyadan dostum Andreas Petropoulos da konqresə qatılıb və hesab edirəm ki, onun prezentasiyası da sizdə maraq doğuracaq.

7 il öncə Tibb Universiteti dünyanın 14 min universiteti arasında 11 mininci yerlərdə idi. Bu gün universitetimiz 5 mininci pilləyə qədər irəliləyib. Bu, olduqca böyük nailiyyətdir”.

ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, əməkdar elm xadimi, Azərbaycan Pediatrlar Assosiasiyasının fəxri vitse-prezidenti, professor Lalə Allahverdiyeva da konqresin əhəmiyyətindən danışıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konqresdə pediatriya və neonatologiyada yeniliklərə geniş şəkildə toxunulacağını qeyd edib. O, Ulu Öndərin Azərbaycanın səhiyyə və elminin inkişafında göstərdiyi misilsiz xidmətlərdən, uşaqlara göstərdiyi qayığlardan söhbət açıb və “Postkovid sindromlu xəstələrin reabilitasiyasının əsas istiqamətləri” mövzusunda çıxış edib.

Konqresdə pediatriya ilə bağlı maraqlı məruzələr səsləndirilib. O cümlədən Böyük Britaniyadan A.Petropoulos “Pediatrik onkoloji xəstəliklərdən qurtulmuş pasiyentlərdə kardioloji problemlərə yanaşma” mövzusunda çıxış edib.

Konqres zamanı tanınmış əcnəbi mütəxəssislər onlayn məruzələr təqdim ediblər. Onlardan Rusiya Pediatrlar İttifaqının prezidenti, professor Leyla Namazova-Baranova, ABŞ-dan professor Çandra Rammamorti, Skott Osborn Gutrie, Cozef Haddadın məruzələri maraqla qarşılanıb.