ATU rektoru Gəray Gəraybəyli akademik Anatoli Martınovla tədbirin yekunlarını müzakirə edib

Bakıda “Təbabətin aktual problemləri - 2023” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konqres müxtəlif elmi qurumlar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından böyük önəm daşıyır. Bu fikir Azərbaycan Tibb Universiteti (ATU) rektoru, professor Gəray Gəraybəylinin Rusiya Terapevtlərinin Elmi Tibbi Cəmiyyətinin prezidenti, akademik Anatoli  Martınovla görüşündə xüsusi vurğulanıb.

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində geniş miqyaslı tədbirlərin keçirildiyini və sözügedən konqresin də bu qəbildən əhəmiyyətli bir toplantı olduğunu qeyd edib. Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılan Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tibb təhsilinin inkişafı,  Tibb Universitetinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərlə də tanış edib: “Ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə xüsusi qayğısı ATU-dan da yan keçməyib. Bunun bariz nümunəsi kimi ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik illərində iki dəfə universitetə gəlməsini, tədris binasının açılışında iştirak etməsini, həmçinin Azərbaycan Tibb Universitetinin 70 illik yubileyində çıxış edərək kollektivlə görüşünü göstərmək olar”. Rektor, professor G.Gəraybəyli ulu öndərin müəyyən etdiyi bu kursun bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini vurğulayıb.

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-tibbi Terapevtlərin Cəmiyyətinin rəhbəri Anatoli Martınov bu tədbirə dəvət üçün təşəkkürünü bildirərək elmi-praktiki konqresin qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, bu kimi tədbirlər Azərbaycan Tibb Universiteti ilə müxtəlif ölkələrin, o cümlədən Rusiyanın elmi-tədris institutları arasında münasibətlərin güclənməsinə, həm dostluq, həm də elmi əlaqələrin möhkəmlənməsinə gətirib çıxarır. Sonda görüş iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Sonda görüş iştirakçılarına xatirə hədiyyələri təqdim olunub. Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.