Professor Sabir Əliyev: “Daxili nizam-intizam qaydalarına yüksək dərəcədə riayət edilməlidir”

 

Mayın 11-də Azərbaycan Tibb Universitetində tədris ilinin qarşıdan gələn yay imtahan sessiyasına dair imtahan nəzarətçiləri ilə görüş keçirilib. Görüşdə çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, imtahandan əvvəl nəzarətçilərlə görüş keçirmək artıq bir ənənəyə çevrilib.

Bu görüşlərin əsas məqsədi imtahanların şəffaf və problemsiz şəkildə keçirilməsi ilə yanaşı, həm də mövcud çatışmazlıqların vaxtında öyrənilib aradan qaldırılmasıdır: “Burda uzun illərdir imtahanlara nəzarət edən şəxslər iştirak edir. Hesab edirəm ki, onların əksəriyyəti qaydalarla yaxından tanışdır. Lakin bununla yanaşı, nəzarət qrupuna yeni daxil olanlar da var. Onlar da yaxşı təlimatlandırılmalıdır ki, bu kampaniyada fəal iştirak edə bilsinlər və imtahan prosesində problemlər yaranmasın. Bildiyiniz kimi, fəal nəzarətçilərə bir sıra imtiyazlar və güzəştlər də olunur ki, onlar öz işlərinə daha da məsuliyyətlə yanaşsınlar. İmtahana nəzarət etdikləri gün çalışdıqları kafedrada işdən azad olunurlar. Bu işin əsas mahiyyəti bütün nəzarətçilərdən hədsiz diqqət tələb etməsidir. Nəzarətçilərin ən birinci vəzifəsi tələbələri öz yerində düzgün əyləşdirməkdir. Çünki iki tələbə eyni fəndən imtahan verərsə, yanaşı düşməməlidir. Və yaxud nəzarətçi imtahan başlayandan sonra tələbənin heç bir vasitədən istifadə etmədiyinə əmin olmalı, imtahan zamanı başqasının səhifəsinə baxmadığını izləməlidir. Nəzarətçinin imtahana gecikməsi, imtahan zamanı telefonla məşğul olması və bu kimi başqa hərəkətlər yolverilməzdir. O cümlədən, tələbələrə qarşı kobudluq hallarına yol verilməməli, yoxlama yüksək nəzakətlə aparılmalıdır. Bir sözlə, nəzarətçilər işin tələblərinə uyğun olaraq daxili nizam-intizam qaydalarına yüksək dərəcədə riayət etməlidirlər”.

İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova yay imtahan sessiyasına hazırlıq işləri barədə məlumat verib və bəzi kafedraların test suallarını vaxtında İmtahan Mərkəzinə təqdim etmədiklərini deyib. Bu cür halların onların ümumi işini ləngitdiyini diqqətə çatdırıb.

İmtahan Nəzarət Qrupunun rəhbəri Pəri İsaqova isə çıxışında bəzi nəzarətçilərdən narazılığını dilə gətirib. O, imtahan zamanı bəzi nəzarətçilərin üzərinə düşən vəzifələrə biganə yanaşdığını qeyd edib və onları ayıq-sayıq olmağa çağırıb.

Sonda professor S.Əliyev dekanlara və nəzarətçilərə lazımi göstəriş və tövsiyələrini çatdırıb.

Görüşdə imtahanların gedişində fəallıq göstərən bir qrup nəzarətçiyə sertifikatlar təqdim olunub.