Gürcüstanlı həmkarlarımız ATU ilə əməkdaşlıqda maraqlıdır

Tbilisi Dövlət Tibb Universitetinin nümayəndə heyəti ATU-da qonaq olub. Universitet rəsmiləri ilə görüşdə qarşılıqlı əlaqələrin inkişafı ətrafında müzakirələr aparılıb.
ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev  universitetin tarixi, strukturu, beynəlxalq əlaqələri, tədris prosesində tətbiq olunan yeniliklərlə bağlı qonaqlara ətraflı məlumat verib. Həmçinin artıq ATU-nun 3 ixtisasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) akkreditasiyasından keçdiyi nəzərə çatdırılıb.
Tbilisi Dövlət Tibb Universitetinin Elmi Tədqiqat-Bacarıqlar Mərkəzininn direktoru, dosent Luiza Gabunia və Sosial və kliniki farmakologiya kafedrasının müdiri, professor Nana Gorgaslidze  təmsil etdikləri qurumun fəaliyyəti haqqında məlumat veriblər. Qonaqlar qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikirlərini açıqlayıb, birgə elmi layihələr və tədqiqatlar sahəsində əməkdaşlıq, ikitərəfli mübadilə səfərlərinin həyata keçirilməsinə dair təkliflər səsləndiriblər.
Görüşdə, həmçinin ATU-nun Elmi Tədqiqat Mərkəzinin direktoru,  professor Qalib Qarayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev, həmin kafedranın baş müəllimi Sara Paşayeva, I Müalicə profilaktika fakültəsinin TEC sədri  Rəşad Abızadə, Tbilisi Dövlət Tibb Universitetinin ENDEAVOR Tələbə Elmi Qurumunun yaradıcısı Gigi Gorgadze və sədri Boris Bendeliani və tələbələr iştirak edirdi.