Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecədə çıxış edən tələbələrlə görüşüb.
Görüş zamanı rektor “Heydər Əliyev İli” çərçivəsində həm universitetdə, həm də Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan təntənəli musiqili tədbirlərdə iştirak edən, ATU-nu yüksək səviyyədə təmsil edən gənclərə təşəkkürünü bildirib. O, ATU tələbələrinin yalnız təhsil səviyyəsi ilə deyil, həm də yaradıcılıq bacarıqları ilə öndə olduğunu vurğulayıb: “Ölkəmizdə keçirilən bu cür önəmli tədbirlərdə məhz bizim tələbələrin çıxış etməsi hər birimiz üçün böyük bir fəxrdir. 93 yaşlı Azərbaycan Tibb Universitetinin tələbələri sosial və ictimai baxımdan daim aktiv olublar. Bu gün universitet nəzdində fəaliyyət göstərən “Çinar” rəqs ansamblının 64 yaşı var və ölkə səviyyəsində tanınır. ATU-nun idman komandaları bir çox yarışlarda dəfələrlə yüksək yerlərə layiq görülüblər”.
Təhsil həyatının ağırlığına baxmayaraq yaradıcılıqla məşğul olmağa imkan tapan tələbələrə təşəkkür edən rektor Gəray Gəraybəyli onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov isə bu tələbələrin fəaliyyətini dəstəklədiyinə görə universitetin rəhbərliyinə və şəxsən rektora təşəkkür edib. O, bədii gecədə çıxış edən tələbələrə pul mükafatının ayrılmasının gənclər üçün böyük stimul olduğunu bildirib.
Qeyd edək ki, bu yaxınlarda ATU tələbələri Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən təntənəli mərasimlərdə uğurla çıxış ediblər. Tədbirlərdə tələbələrimizin ifası və müşayiəti ilə müxtəlif xalq mahnıları səsləndirilib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video çarxlar təqdim olunub.