Rektor Gəray Gəraybəyli “ATUREK 11” konfransında fərqlənən rezidentləri təltif etdi

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli “ATUREK 11” rezidentlərin elmi-təcrübi konfransında uğurlu çıxışları ilə fərqlənən rezident və magistrlərlə görüşüb.

Aprelin 25-də Azərbaycan Tibb Universitetində keçirilən və Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “ATUREK-11” elmi-təcrübi konfransında rezidentlər təbabətin aktual problemlərinə həsr edilmiş məruzələr və posterlərlə çıxış ediblər. Konfransın nəticələrinə əsasən, iştirakçılar arasında ən uğuru layihə təqdim edən 25 nəfər müəyyənləşdirilib.

Konfransda fərqlənən rezidentlərlə görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə rezidentura təhsil pilləsinin yaradılmasının tibb təhsilinə verdiyi töhfələrdən danışıb: “Rezidentura təhsil pilləsinin yaradılması prosesi heç də asan olmadı. Xeyli fərqli fikirlərin səslənməsinə baxmayaraq, biz artıq 2 pilləli təhsilin üstünlüklərini müşahidə etməkdəyik. Hazırda rezidentura təhsilində də yeniliklərin tətbiqi, yenilənmiş proqramların hazırlanması təhsil səviyyəsinin daha da yüksəldilməsi istiqamətdə işlər aparırıq”.

ATU-nun rektoru professor G.Gəraybəyli gənc kadrların elmi tədqiqatlar aparılması istiqamətində işlərin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin, tələbə və rezidentlərin universitetin ictimai həyatında fəal olmağa çağıraraq, gələcəkdə onların peşəkar kadrlar kimi dünyanın hər yerində uğur qazanacağından əminliyini bildirib.

ATU-nun Rezidentura və magistratura şöbəsini müdiri, professor Məlahət Sultanova konfransın təşkilində, məruzələrin hazırlanmasında və digər məsələlərin uğurla reallaşmasında həm universitet rəhbərliyi, həm də rezidentlərin böyük zəhməti olduğunu vurğulayıb. M.Sultanova bu il ATUREK konfransında izlənilən yeniliklər, məruzələr barədə də məlumat verib. Həmçinin, ATU-da magistratura təhsil pilləsində gözlənilən dəyişikliklər haqqında da danışıb.

Sonra rektor professor Gəray Gəraybəyli “ATUREK 11” rezidentlərin elmi-təcrübi konfransında fərqlənən 25 rezident və magistrə xüsusi diplom və hədiyyələr təqdim edib. Sonda görüş iştirakçıları rezidentlərin elmi-təcrübi konfransının yekunlarına həsr edilmiş videoçarxı izləyiblər.