ATU-da buraxılış kursları imtahan verir

 

   Azərbaycan Tibb Universitetində buraxılış kursları üçün mayın 16-dan başlayan imtahanlar ayın sonunadək davam edəcək. Universitetin İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərovanın bildirdiyinə görə, cədvələ uyğun olaraq, Müalicə-profilaktika fakültələrinin 6-cı, İctimai səhiyyə fakültəsinin 6-cı, Stomatologiya fakültəsinin 5-ci, Əczaçılıq fakültəsinin 4-cü, Hərbi tibb fakültəsinin 6-cı kurs tələbələri imtahanlara qatılıblar:

“Tələbələrə imtahanlararası 3 gün, hər imtahan üçün isə 40 dəqiqə vaxt verilir. Təqdim olunan 25 sualın 15-i nümunəvi, 10-u isə qapalı test tapşırıqlarından ibarətdir. Proses yüksək səviyyədə təşkil olunub. Amma təəssüf ki, tələbələr arasında müvəffəqiyyət qazanmayanlar da var”.

Ü.Cəfərova imtahanın gedişi zamanı ciddi qayda pozuntularına yol verilmədiyini də qeyd edib. Bildirib ki, üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə iyunun 1-dən 3-dək növbəti şans veriləcək.