Yeni memorandum - ATU ilə ÜST-nin Azərbaycan nümayəndəliyi əməkdaşlığı gücləndirir

 

Bu gün Azərbaycan Tibb Universiteti ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sazişdə  təcrübə mübadiləsinin genişləndirilməsi, tələbə və həkimlərin təlimlərə cəlb edilməsi, ümumilikdə milli səhiyyənin potensialının artırılması istiqamətində bir sıra layihələrin icrası nəzərdə tutulub.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatın qarşıdan gələn 75 illik yubileyi münasibətilə təbrik edərək ölkəmizin bu nüfuzlu təşkilatla əməkdaşlığa böyük önəm verdiyini bildirib. ÜST ilə birlikdə ölkəmizin müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizədə,  “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində çoxsaylı birgə layihələrin icra olunduğunu xatırladan rektor G.Gəraybəyli tibbi təhsilin inkişafı sahəsində də ATU ilə ÜST arasında əməkdaşlığın genişlənməsinin tərəfdarı kimi çıxış edib.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-nin Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib. Onun sözlərinə görə, ATU tibb təhsili müəssisəsi kimi Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə çalışır. Hande Harmancı memorandumun imzalanmasından sonra bu əməkdaşlığın daha da güclənəcəyinə, qurumların birgə maraqlı və faydalı layihələrə imza atacağına inandığını vurğulayıb.

Sonda hər iki qurumun rəhbərləri tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.