Tələbələrimiz “Təbib” istirahət düşərgəsində dincəlib
 

Bu günlərdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Tibb Universitetinin “Şəfa” xalq çalğı alətləri və qızlardan ibarət “Çinar” rəqs ansambllarının iki möhtəşəm konserti baş tutdu. Bunlardan biri universitetdə, digəri isə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və Tibb Universiteti tələbələrinin iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında keçirildi.

Proqramda Ulu Öndərin sevdiyi mahnılar tələbələrimizin ifasında tamaşaçılara təqdim olundu. “Çinar” rəqs ansamblının təqdim etdiyi “Yallı” və “Suita” rəqsləri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Bu gözəl çıxışlara görə rektor, professor Gəray Gəraybəylinin göstərişi ilə tədbirdə iştirak edən tələbələr və əməyi keçən əməkdaşlar bir günlük Tibb Universitetinin Nabranda yerləşən “Təbib” istirahət düşərgəsində olublar. Tələbələrimiz düşərgədə yüksək səviyyədə qarşılanıb, onlara son illərdə burada görülən işlər haqqında məlumat verilib. Səliqə-sahman, yaşıllıq, gül-çiçəyin göz oxşadığı düşərgədə tələbələr mənalı istirahət edib, vaxtlarını əyləncəli keçiriblər.

İstirahət düşərgəsində kollektiv daha bir konsert proqramı ilə çıxış edib. Tələbələrimizin gözəl rəqsləri, mahnıları hər kəsə xoş əhval bəxş edib.

Tələbələr universitetdə tədrisə, elmə, eləcə də istedadlı tələbələrə daim diqqət və qayğı göstərildiyi üçün professor Gəray Gəraybəyliyə başda olmaqla ATU rəhbərliyinə, o cümlədən Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımova öz minnətdarlıqlarını bildiriblər.