Beynəlxalq konqresin qonaqları ATU rektoru ilə görüşüblər

 

2-ci Xəzəryanı dövlətlərin, 4-cü türk dilli xalqların Bariatrik cərrahiyyə və Metabolik xəstəliklər konqresinin xarici ölkələrdən olan qonaqları Azərbaycan Tibb Universitetinin rəhbətliyi ilə görüşüblər.

Görüş zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirin bariatrik cərrahiyyə sahəsində yeniliklərin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. 500-dən artıq iştirakçısı olan konqresin Bakıda keçirilməsinin isə Azərbaycanın səhiyyə sahəsindəki uğurlarının beynəlxalq aləmdə tanınmasının göstəricisi olduğunu qeyd edib və tədbirə işində uğurlar arzulayıb. 

2-ci Xəzəryanı dövlətlərin, 4-cü türk dilli xalqların Bariatrik cərrahiyyə və Metabolik xəstəliklər konqresinin təşkilat komitəsinin sədri, III Cərrahi Xəstəliklər kafedrasının assistenti Taryel Ömərov tədbir haqqında məlumat verib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində həmçinin Oxford Universitetinin 52-ci "International Bariatric Club" simpoziumunun baş tutacağını bildirib. Konqresdə 65 elmi məruzə ediləcəyini, bu sahə ilə bağlı bir çox aspektlərin müzakirəyə çıxarılacağını qeyd edib. 

Daha sonra Dünya Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Dərnəyinin prezidenti (İFSO), Harvard Universitetinin Bariatrik Cərrahiyyəsi Departamentinin müdiri, professor Scott Shikora, İstanbul Universiteti Cərrahpaşa institutunun professoru, Türkiyə Bariatrik Cərrahlar Dərnəyinin sədri Mustafa Taşkın, Avropa Piylənmənin Öyrənilməsi ilə Mübarizə Dərnəyinin Prezidenti (EASO) professor Volkan Yumuk, Qazaxıstan Bariatrik Cərrahiyyə Dərnəyinin prezidenti, Astana Tibb Universitetinin cərrahı, professor Ospanov Oral, Özbəkistan Bariatrik Cərrahi Dərnəyinin prezidenti, Daşkənt Medical Akademiyasının cərrahi kafedrasının müdiri, professor Oktyabr Tesayev, Beynəlxalq Bariatrik Cərrrahlar Dərnəyinin həmsədri, London Oxford Universitetinin professoru Cheatan Parmar tədbir haqqında öz fikirlərini bölüşüblər. 

Qeyd edək ki, sözügedən konqres AR Səhiyyə Nazirliyi tərəfindən 17 DTT balı alıb, İFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) və Oxford Universitetinin nəzdindəki IBC (International Bariatric Club) tərəfindən təsdiqlənib.