Azərbaycan Tibb Universitetinin tələbələri ölkəmizdə fəaliyyət göstərən ali məktəblər arasında təşkil olunan müxtəlif növ idman yarışlarında həmişə universitetimizi layiqincə təmsil edib, yarışlarda yüksək yerlər tutublar. Elə bir idman yarışı olmaz ki, orada universitetimizin dəst-xətti görünməsin. Tələbələrimizin qələbə qazanmasında isə məşqçi-müəllimlərimizin rolunu xüsusi qeyd etmək lazımdır.
Son olaraq, ATU-nun tələbələri bu ilin aprel və may aylarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Universiada yarışları və Respublika Çempionatında iştirak edib, medallar qazanıblar.
Mayın 18-də Kyokuşin karate üzrə keçirilən respublika çempionatında universitetimizi 8 idmançı tələbə təmsil edib. Onlardan Toğrul Abdullayev, Məhsa Palar 1-ci, İqbal Babazadə, Roşanak Muğanlı, Səfiyyə Qazilova 2-ci, Səfər Əliyev, Fuad Haqverdiyev, Məhəmməd Quluzadə isə 3-cü yerə çıxıblar.
Bu barədə “Təbib” qəzetinin əməkdaşına universitetin “Təbib” İdman Klubunun sədri, karate bölməsinin məşqçi-müəllimi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Qələndər Aslanov məlumat verib. Onun sözlərinə görə, ilk dəfə idi ki, Azərbaycan Tibb Universitetinin tələbələri böyük komanda ilə respublika çempionatına qatılır və çoxlu sayda medallar qazanırdı. Bundan başqa, 13 nəfər təşkilat komitəsinə dəstək vermək üçün, 6 nəfər isə tibbi personal olaraq könüllü iştirak edib.
Qızıl medal sahibi, Müalicə-profilaktika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Abdullayevin bildirdiyinə görə, 1-ci kursdan etibarən Qələndər müəllimin bölməsində intensiv məşqlərə başlayıb. Nəticə alındığı üçün daha da həvəslənib və yarışlarda iştirak etməyə qərar verib. Ötən ilin noyabrında keçirilən respublika çempionatında 2-ci yer tutub. Bu dəfə isə birinci pilləyə qalxmağa nail olub.
Tələbələrimizin uğuru bununla bitmir. Oğlan və qızlar komandası voleybol yarışlarında futzal və voleybol bölməsinin məşqçi-müəllimi Şükür Bayramovun rəhbərliyi ilə yeni uğura imza atıblar. Belə ki, aprelin əvvəllərində Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və “Gənclik” Tələbə İdman Cəmiyyətinin birgə təşkil etdiyi voleybol yarışlarında 13 universitet arasında 1-ci yeri tutublar.
Tələbələrimiz futbol sahəsində bir az zəiflik göstərsələr də, Azərbaycan Futbol Federasiyası Assosiasiyasının rəhbərliyi yaxşı təşkilatçılığına görə universitetimizə təşəkkürnamə təqdim edib.
Güləşçilərimiz də öz məharətlərini göstərə bilib. Güləş bölməsinin məşqçi-müəllimi, professor Zakir Məmmədovun rəhbərliyi ilə mayın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil edilmiş sərbəst güləş yarışında 6 tələbəmiz təmsil olunub. Onlardan Paydar Aydın (92 kq) 1-ci, Xəyal Abdullayev (74 kq), Turqut Çıraqov (70 kq) 2-ci, Elvin Şirəliyev (65 kq) 3-cü yerləri əldə ediblər. Nəticədə universitetimiz komanda hesabında 3-cü pilləyə yüksəlib.
Atletika bölməsinin məşqçi-müəllimi Xatirə Şıxlının rəhbərliyi altında məşqlər keçən tələbələrimiz də uğurları ilə bizləri sevindirib. Onlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl!” şüarı altında keçirilən “Bakı marafonu - 2023” yarışlarında yaxşı nəticə göstərib. Yarışda iştirak edən 19 min 800 nəfər arasında universitetimizi 213 nəfər təmsil edib. Sevindirici haldır ki, onlar mükafatçılar üçün nəzərdə tutulmuş 2 min medalın 33-nü universitetimizə gətirməyi bacarıblar.