ATU-nun əməkdaşı Aristotel Universitetində mühazirə oxuyub

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Yunanıstanın Saloniki şəhərindəki Aristotel Universitetinin Tibb fakültəsində olub. Səfər 15-19 may tarixlərində Erasmus+ Beynəlxalq Mobillik Proqramı çərçivəsində baş tutub.

 

M.Orucov proqram müddətində Tibb fakültəsinin dekan müavini, professor S.Triaridis, Patologiya kafedrasının müdiri, professor P.Hytiroglou, Histologiya və embriologiya kafedrasının müdiri, professor S.Antonia, Tibbi fizika və rəqəmsal innovasiyalar laboratoriyasının müdiri, professor P.Bamidis, Tibb fakültəsinin Beynəlxalq təhsil proqramının direktoru, Neyrocərrahiyyə kafedrasının müdiri, professor N.Foroglou ilə görüşlər keçirib. ATU-nun əməkdaşı Aristotel Universitetinin tələbələri üçün “Azərbaycanda tibb təhsilinin dünəni, bu günü və sabahı” mövzusunda mühazirə oxuyub, tibb təhsili və klinik bacarıqlar üzrə mühazirə və praktik məşğələ dərslərində iştirak edib.