İyunun 3-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Müasir təbabətin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin, İncir və Qlobal Sağlamlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin “İstiqlal” marşının səsləndirilməsi ilə başlayıb. Bundan sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi şəxsiyyətin ömür yolunu əks etdirən videoçarx izlənilib.
Tədbirdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov açılış nitqi ilə çıxış edib. O, ölkə başçısının müvafiq sərəncamı ilə 2023-cü ilin tariximizdə silinməz iz qoyan, dahi şəxsiyyət, uzaqgörən siyasi lider “Heydər Əliyev İli” elan edildiyini xatırladıb. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edən Ulu Öndərin öz həyatını Azərbaycanın xoşbəxt gələcəyinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə həsr etdiyini vurğulayıb.
Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, qardaş Türkiyə alimlərinin də müxtəlif bölmələr üzrə çox maraqlı məruzələr təqdim edəcəyinə inandığını deyən prorektor, iştirakçılara universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da açılış mərasimində çıxış edərək bildirib ki, “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanla Türkiyənin sevinci də, kədəri də birdir.
Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan C.Bağçı qeyd edib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində də qardaş Azərbaycanın yanındadır.
Diplomat səhiyyə və tibb elmi sahəsində də qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu və bügünkü konfransın müştərək əməkdaşlığa yeni töhfə verəcəyini diqqətə çatdırıb.
Milli Məclisin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov, İncir və Qlobal Sağlamlıq Xidmətinin rəhbəri Fədakar Günsili və Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimli də çıxışlarında Ulu Öndərin 100 illiyinə həsr olunmuş belə bir mötəbər konfransda iştirak etməkdən məmnunluq duyduqlarını söyləyiblər. Ulu Öndərin elm-təhsil və səhiyyə sahəsində müstəsna xidmətlərindən danışan natiqlər, konfransın qarşılıqlı təcrübə mübadiləsi baxımından faydalı olacağına əminliklərini ifadə ediblər.
Tədbir iştirakçılarını təşkilat komitəsinin adından salamlayan konfransın sədri, tibb elmləri doktoru Müşfiq Həsənov həm sovet dönəmində, həm də müstəqillik dövründə Azərbaycan xalqını öz müdrik siyasəti, cəsarəti, uzaqgörənliyi ilə bir çox bəlalardan qurtaran Ulu Öndərimizin nəsillərə örnək olan tarixi missiyasından söhbət açıb. O, tibbin aktual problemlərinə həsr olunmuş bu beynəlxalq konfransı da Ümummilli Liderə sonsuz sevgi və ehtiramın bir nümunəsi kimi dəyərləndirib: “Heydər Əliyev əbədidir. Çünki Heydər Əliyevin qurduğu dövlətimiz onun əziz xatirəsinə ucaldılmış ən böyük abidədir”.
Çıxışının sonunda bütün tədbir iştirakçılarına təşəkkürünü bildirən konfransın sədri, məruzəçilərə və müzakirələrə qatılan mütəxəssislərə uğurlar diləyib.
Açılış mərasimi Əməkdar artist Nuriyyə Hüseynova və müğənni Çilənay Hüseynovanın ifasında Heydər Əliyevin sevdiyi mahnıların ifa olunması ilə başa çatıb.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Qastroenterologiya və hepatologiya bölmələri üzrə maraqlı məruzələr dinlənilib.