Görkəmli anatom-alim Rafiq Əsgərovun 90 illik yubileyi qeyd olunub

 

Azərbaycan Tibb Universitetində tanınmış anatom-alim, görkəmli elm xadimi,  İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru Rafiq Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev konfransdakı açılış nitqində alimin keçdiyi həyat yolu və elmi fəaliyyətinə toxunaraq, onun çalışdığı kafedrada tibb elminə gətirdiyi bir sıra yeniliklərdən söhbət açıb. Yubilyarı ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından təbrik edən S. Əliyev onu tibb elminin görkəmli alimlərindən biri, dövrümüzün canlı tarixi kimi dəyərləndirib: “Ölkəmizdə təbabət elminin və tibb təhsilinin tərəqqisində, eləcə də İnsan anatomiyası və tibbi terminologiya kafedrasının inkişafında xüsusi xidmətləri olan alimlərdən biri də bu gün ömrünün 90-cı yubiley ilini şərəflə, yüksək yaradıcılıq eşqi ilə qarşılayan professor Rafiq  Əsgərovdur. Rafiq müəllim yaşadığı bu çoxillik uzun və mənalı ömrünün 70 ildən çoxunu Azərbaycan Tibb Universitetinə həsr edib. O, keçdiyi çətin, lakin şərəfli yolda aspirantlıqdan professorluğa və kafedra müdiri vəzifəsinə qədər yüksəlib. Uzun illər ərzində anatomiya kafedrasının müdiri olmaqla yanaşı, universitetimizin ictimai-mədəni həyatında da yaxından iştirak edib. Fakültə dekanı və prorektor vəzifələrini müvəffəqiyyətlə icra edib.”

Tədbirdə çıxış edən Rusiya Elmlər Akademiyasının akademiki, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, ə.e.x. Vaqif Şadlinski hazırda ömrünün  müdriklik çağlarını yaşayan istedadlı alimin uzun illər ərzində ATU-da gənc alimlərin fəaliyyətinə dəstək olduğunu bildirib: “Rafiq Əsgərov  Azərbaycanda elmi anatomiyanın banisi, görkəmli anatom-alim  Kamil Balakişiyevin yaratdığı elmi məktəbinin yetirmələrindən və davamçılarındandır. Onun rəhbərliyi altında 10 nəfərdən artıq tədqiqatçı doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Xüsusi qeyd etmək istəyirəm ki, Rafiq müəllim anatomiya elminin  yüksək səviyyədə tədrisində mühüm rol oynayıb. Onun yetişdirdiyi tələbələrinin bir çoxu indi xarici ölkələrdə fəaliyyət göstərir və R.Əsgərovla daim sıx əlaqə saxlayırlar”. Professor Vaqif Şadlinski gənclərin inkişafına daim dəstək olan Rafiq Əsgərovun kafedranın professoru və ATU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurası sədrinin müavini vəzifəsini yerinə yetirdiyini də qeyd edib.

Yubiliyarın həyatı və fəaliyyəti haqqında geniş məlumat verən İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev bildirib ki, Rafiq Əsgərov 1933-cü il may ayının 11-də Bakı şəhərində ziyalı ailəsində doğulub. 1941-ci ildə Bakıdakı 6 nömrəli orta məktəbdə təhsil alıb, 1951-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Rafiq Əsgərov 1954-cü ildə hələ institutun III kursunda oxuyarkən Normal anatomiya kafedrasında laborant,  beşinci kursda isə baş laborant vəzifələrinə təyin edilib. 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən gənc normal anatomiya kafedrasında aspiranturada saxlanılıb və oranı bitirdikdən sonra kafedranın assistenti vəzifəsinə seçilib. 1985-ci ildə ATİ-nin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedranın müdiri vəzifəsinə seçilib: “Professor Rafiq Əsgərov 200-dən çox elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki göstərişlərin, Anatomiya muzeyi haqqında kitabların, onlarla elmi-kütləvi məqalələrin müəllifidir. Onun şəxsən tanıdığı məşhur insanlar haqqında son illərdə qələmə aldığı publisistik oçerkləri üç kitab həcmində toplanıb və işıq üzü görüb”. Rafiq Əsgərovun 1985-1990-cı illərdə institutun Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının müdiri vəzifəsində çalışdığı və  kafedranın yenidən qurulmasına böyük əmək sərf etdiyi vurğulanıb.  İstedadlı alim 1988-1993-cü illərdə bu ali məktəbin elmi işlər üzrə prorektoru vəzifəsini ləyaqətlə yerinə yetirərək, kollektivin dərin rəğbətini qazanıb.

Qeyd olunub ki, görkəmli Alim R.Əsgərovun elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2000-ci ildə - ATU-nun 70 illik yubileyi ərəfəsində “Tərəqqi” medalına, 2007-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Tanınmış anatom- alim dəfələrlə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin fəxri fərmanları ilə təltif olunub. O, 2017-ci ildən indiyə qədər İnsan anatomiyası kafedrasının məsləhətçi-professoru vəzifəsində çalışır.

Yubiliyarla bağlı ürək sözlərini bölüşən professorlar Südeyif İmamverdiyev, Məhbubə Vəliyeva və Sahib Musayev onu uzun illərdən bəri tanıdıqlarını dilə gətiriblər. Rafiq müəllimin insani keyfiyyətlərindən söhbət açan natiqlər bildiriblər ki, o elmdə gözəl alim olduğu kimi, həyatda da səmimi insan və qayğıkeş ailə başçısıdır. Onlar Rafiq Əsgərovun hazırda gümrah şəkildə böyük səylə elmi və pedaqoji fəaliyyətini davam etdirməsinin onun şəxsi keyfiyyətlərinin göstəricisi olduğunu da qeyd ediblər.

Sonda çıxış edən yubilyar Rafiq Əsgərov səslənən fikirlər və təbriklərə görə hər kəsə təşəkkür edib. Həmçinin, konfransın təşkilinə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə, professor Vaqif Şadlinski başda olmaqla, doğma kollektivinə və eləcə də tədbir iştirakçılarının hər birinə minnətdarlığını bildirib.