ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və ETM-in Elektron mikroskopiya şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayev bu günlərdə Gürcüstanın Tbilisi şəhərində keçirilən V Beynəlxalq Biennal Simpoziumda iştirak ediblər.
“Beyin və Neyroplastiklik: Struktur və Molekulyar Aspektlər” mövzusundakı simpozium çərçivəsində əməkdaşlarımız məruzələr və posterlə çıxış ediblər. Tədbirdə ABŞ, İsrail, Hollandiya, Macarıstan, Türkiyə və s. ölkələrdən olan tanınmış alimlərin yerinə yetirdikləri elmi mövzular ətrafında geniş müzakirələr aparılıb. Simpoziumun sonunda əməkdaşlarımızın hər biri beynəlxalq sertifikatla təltif olunub.
Onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə Azərbaycan Tibb Universiteti ilə Gürcüstanın İvane Biritişvili adına Eksperimental Biotibb Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Buna əsasən ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrası və ETM-in Elektron mikroskopiya şöbəsi ilə adıçəkilən mərkəzin Beynin nano və arxitektonikası laboratoriyası birgə elmi işlər yerinə yetirib. Müqavilə müddətində yerinə yetirilən elmi tədqiqatların mühüm nəticələri əsasında 13 elmi əsər (6 məqalə, 7 tezis), o cümlədən 5 məqalə Web of Science indeksləmə bazalarına daxil olan jurnallarda dərc edilib. Səfər çərçivəsində professor Eldar Qasımov və Fuad Rzayev ATU ilə Biotibb Mərkəzi arasında əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına dair müzakirələr aparıb və razılıq əldə ediblər.
Qeyd olunanlardan əlavə, əməkdaşlarımız Gürcüstanda New Vision Universitetinin nəzdindəki Carl Zeiss şirkətinin Elm və Təhsil Mərkəzində olaraq, onun rəhbəri, professor Pavle Tchelidze ilə birgə elmi işlərin aparılması üçün istiqamətlər müəyyənləşdirib və yol xəritəsi hazırlayıblar.