Almaniyaya səfəri çərçivəsində ATU-nun rektoru, professor Gəray Gəraybəylinin başçılıq etdiyi nümayəndə heyəti Mannheim Tibb fakültəsinin Cərrahiyyə Klinikasının nəzdindəki kitabxananı ziyarət edib.
Bir əsr yaşı olan bu kitabxana 1922-ci ildə Mannheim bələdiyyə hospitalının nəzdində “Həkimlərin kitabxanası” kimi cəmi 40 kv. metrlik otaqda fəaliyyətə başlayıb. Hazırda 1700 kv.m məkanda yerləşən kitabxanada həkimlər, rezidentlər və tələbələrin bilgi toplaması üçün hər cür şərait yaradılıb. ATU-nun nümayəndə heyətinə verilən məlumata görə, hazırda modern sistemlə təchiz olunmuş kitabxananın geniş oxu zalları və kompüter otaqları, 30 mindən artıq tibbi və elmi jurnallara çıxış imkanı yaradan elektron bazası mövcuddur.
Səfər zamanı ATU-nun nümayəndə heyəti “TheSİMa” Bacarıqlar Laboratoriyasının işi ilə də tanış olub. Qeyd olunub ki, 2008-ci ildə yaradılan TheSiMa-da dərslər "Tibb və tiblə əlaqəli peşələr üçün Mannheim İslahat Kurikulumu"na (MaReCuM) inteqrasiya olunub, nəzəri və praktik bacarıqlar arasında keçid təşkil edir. 700 kv. metrdən çox sahədə fəaliyyət göstərən laboratoriyada təcili yardım, ultrasəs, gips otaqları, həkim kabineti, xəstə otaqları və əməliyyatxana daxil olmaqla, ümumilikdə tibb təhsili üçün 14 tematik təcrübə otağı mövcuddur. Tədris prosesindən əlavə, TheSiMa həm də tədris və imtahanlarda yeni formatların hazırlanması, sınaqdan keçirilməsi və qiymətləndirilməsi üçün laboratoriya rolunu oynayır. Tələbələrin OSKİ (Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan) imtahanı da bu laboratoriyada keçirilir.
Laboratoriya rəhbərliyi ilə görüş zamanı Azərbaycan Tibb Universiteti və Mannheim Tibb fakültəsi arasında əməkdaşlıq imkanları sırasına OSKİ imtahanları ilə bağlı istiqamətin də əlavə oluna biləcəyi bildirilib.