ATU Üsküdar Universiteti ilə əməkdaşlığa başlayır

 

Türkiyənin Üsküdar Universitetinin rektoru, professor Nazife Güngörun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub.

Qonaqları salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, son illər qardaş Türkiyə universitetləri ilə ATU arasında əlaqələr daha da genişlənib: “Universitetimizin beynəlxalq əlaqələri günü-gündən inkişaf edir. Bir çox universitetlərin rektorları ilə elə bu zalda əməkdaşlıqlara imza atmışıq. ATU ildən-ilə müasirləşir, tədris prosesi daim təkmilləşdirilir. Buna ən bariz nümunə kimi, 3 ixtisas üzrə beynəlxalq akkreditasiyadan keçməyimizi göstərə bilərəm. O cümlədən ikili diplom məsələləri həmişə diqqət mərkəzindədir. Bütün bu işlər görülərkən tələbələrimizin istək və maraqları nəzərə alınır”. 

Görüşdə iki universitetin əməkdaşlıq edə biləcəyi sahələrlə bağlı ətraflı müzakirələr aparılıb. Sonda birgə fəaliyyətin çərçivələrini müəyyən edəcək memorandumun hazırlanıb imzalanması haqda qərar verilib.