Şəhid Cəmil Nəcəfovun ailəsi ziyarət edilib

Milli Qurtuluş günü ilə bağlı Vətən müharibəsi şəhidi Cəmil Nəcəfovun ailəsi ilə görüş keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Tibb Universitetinin tabeliyində fəaliyyət göstərən Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov şəhid anası Mətanət Nəcəfovanın evində qonaq olub.

Şəhidin anası və onun ailə üzvləri ilə həmsöhbət olan Fərid Eyvazov 44 günlük Vətən müharibəsində şəhid olan zabitimiz Cəmil Nəcəfovun əziz xatirəsini yad edib, xalqın şəhidlərimizlə qürur duyduğunu diqqətə çatdırıb.

Şəhidin anası Mətanət Nəcəfova özü də ATU-nun Tədris Terapevtik Klinikasının tibbi heyətinin üzvü - tibbi bacısı kimi fəaliyyət göstərir. M.Nəcəfova öz ailəsi adından ona göstərilən diqqət və qayğıya görə işlədiyi müəssisənin rəhbərliyinə səmimi minnətdarlığını bildirib.

Qeyd edilib ki, Cəmil Nəcəfov 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 10-da Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, ölümündən sonra baş leytenant Cəmil Nəcəfov “Qarabağ” ordeni ilə, eləcədə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif edilib.