Almaniyada çalışan Azərbaycanlı doktorantın elmi fəaliyyəti müzakirə edilib

Almaniya səfəri zamanı Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti Mannheim Tibb fakültəsinin Cərrahiyyə elmi-tədqiqat laboratoriyasını da ziyarət edib. Laboratoriyada çalışan azərbaycanlı doktorant Səbinə Hacızadənin apardığı elmi-tədqiqatlarla yaxından tanış olan rektor Gəray Gəraybəyli gənc alimə öz tövsiyələrini də verib.

Qeyd edək ki, Səbinə Hacızadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq üçün müraciət edib. Azərbaycan Tibb Universitetindən “Razılıq məktubu” əldə edən S.Hacızadə hazırda bu laboratoriyada elmi araşdırmalarını davam etdirməkdədir.

ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə elmi-tədqiqat laboratoriyasında həyata keçirilən elmi işlər, bu mərkəzin texniki təchizatı, Heidelberg Universitetində doktorantura proqramına qəbul prosesi ilə bağlı ətraflı məlumat verilib. Rektor G.Gəraybəyli ATU-da çalışan alimlərin elmi tədqiqatlarının bir hissəsinin bu laboratoriyalarda aparılmasının faydalı olacağını bildirib və bu istiqamətdə əməkdaşlığın çox vacib olduğunu qeyd edib.