ATU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

15 İyun – Milli Qurtuluş günü münasibətilə Azərbaycan Tibb Universitetində ulu öndər, ümummilli lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla yad edilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli başda olmaqla ali məktəbin rəhbər şəxsləri 5 saylı tədris binasında Ulu Öndər Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri düzərək onun xatirəsini yad ediblər.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Milli Qurtuluş Gününü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gün kimi dəyərləndirib. Çünki 1993-cü ilin iyun ayının 15-də Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayıb. Bu hadisə həmçinin Azərbaycan səhiyyəsi və tibb təhsili qarşısında da yeni imkanların açılmasına sərait yaradıb. Həmin  dövrlərdə respublikanın bütün bölgələrində yeni tibb müəssisələrinin maddi-texniki bazası yaxstlaşdırılmaqla yanaşı, Azərbaycan Tibb Universitetinin yeni tədris binasının, unikal akt zalının və bir sıra digər tibb obyektlərinin açılışı olub. 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edilib, Tibb alimlərinə, həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə iki dəfə - 1998 və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində olub.

44 günlük Vətən müharibəsində qazandığımız şərəfli qələbədə mühüm rol oynayan hərbi həkimlərinin yetişdirilməsinə imkan verən hərbi tibb fakültəsi də məhz ümummilli lider Heydər Əliyevin 25 may 425 saylı 2000-ci il tarixli Fərmanına uyğun olaraq, təsis edilib.

Müstəqillik dövrü təqviminə 15 iyun milli qurtuluş günü kimi daxil olmuş bayram Azərbaycan xalqının çağdaş ictimai-siyasi həyatında və ümummilli taleyində ən önəmli və unudulmaz tarixlərdən biridir. İllər ötsə də, ulu öndər Heydər Əliyevin dahi siyasətçi kimi əziz xatirəsi daim könüllərimizdə yaşayacaq”.

Əminliklə deyə bilərik ki, Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri zaman keçdikcə daha da aydın dərk olunacaq. İllər ötsə belə, Azərbaycan xalqı 15 iyun tarixini qürur və şərəf günü kimi qəbul edəcək, o tarixi bizlərə yaşadan ulu öndəri  hörmət və ehtiramla xatırlayacaq.