Səhiyyə işçiləri günü münasibətilə “Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasında  Səhiyyə işçiləri günü münasibətilə “Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon ərazisində yerləşən  səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasının baş həkimi Fariz Camalov tədbir iştirakçılarını salamlamış və bildirmişdir ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi- texniki baza ilə təmin olunmuşdur.

Tədbirdə çıxış edən Nəsimi rayon  İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək  şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Asif Əsgərov  vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısından danışıb.

Sonra həkimlərə hədiyyələr və gül dəstələri təqdim edildi.

Daha sonra tədbir konsert proqramı ilə davam etdi.