Alimlərimiz Avropa Uşaq Cərrahları Assosiasiyasının konqresində iştirak edib

 

7-10 iyun tarixlərində Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) Türkiyənin İzmir şəhərində 24-cü konqresi keçirilib.

“Uşaq cərrahiyyəsinin müxtəlif aspektləri”nə həsr olunmuş konqresdə ölkəmizi Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının sədri, ATU-nun Uşaq cərrahlığı kafedrasının müdiri, professor Ramiz Poluxov və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Lətif Zeyniyev təmsil ediblər. Konqresin keçirildiyi 4 gün ərzində 300-dən çox məruzə müzakirə olub.  

Professor R.Poluxovun verdiyi məlumata görə, konqres yüksək səviyyədə keçirilib: “Konqresə tərəfimizdən Azərbaycan Tibb Universitetinin Stavropol Dövlət Tibb Universiteti, Rusiya Tibb Elmləri Akademiyası, Xabarovskda fəaliyyət göstərən Uzaq Şərq Dövlət Tibb Universitetinin uşaq cərrahlığı kafedralarının “Uşaq cərrahiyyəsi sosial mediada” mövzusunda apardığı birgə araşdırma təqdim olundu. Qeyd edim ki, apardığımız araşdırma konqres iştirakçıları tərəfindən maraqla qarşılandı və xeyli diskussiyalara səbəb oldu”.

Nümayəndələrimiz fasilələr zamanı EUPSA prezidenti Amulya Saxena, 24-cü konqresin sədri, Egey Universitetinin professoru Orkan Ergün, Türkiyə Uşaq Cərrahlığı Dərnəyinin katibi, professor Tutku Soyer, Ankara Şəhər Xəstəxanasının baş həkimi, professor Emrah Şenel, həmin xəstəxananın Uşaq yanıq və yara bölümünün rəhbəri, dosent Sabri Demirlə aktual məsələləri müzakirə ediblər: “Önəmli danışıqlarımızdan biri Ankara Şəhər Xəstəxanasının rəhbərliyi ilə razılaşma əldə etməyimiz oldu. Razılaşmaya əsasən, həkimlərimiz elmi-praktik təcrübələrini artırmaq üçün adıçəkilən xəstəxanaya kurslara göndəriləcək, tərəflər arasında elmi-praktik mübadilələr baş tutacaq”.

Pofessor, Asiya ölkələrinin Uşaq Cərrahlığı Assosiyasının 1-ci Konqresinin ötən il Qazaxıstanda keçirildiyini qeyd edib. O, konqres zamanı uşaq cərrahlığı ilə bağlı aktual məsələlərin müzakirə olduğunu bildirib. 2-ci konqresin isə bu ilin sentyabrında Bişkekdə baş tutacağını söyləyib: “Biz bu il keçiriləcək konqresdə Asiya ölkələrinin Uşaq Cərrahlığı Assosiasiyalarının Konfederasiyasını yaratmaq məqsədilə memorandum imzalamaq niyyətindəyik.

Növbəti il isə konqres ölkəmizdə keçirilə bilər. Bunda məqsədimiz Türkiyə və bir sıra Avropa ölkələrini yaradacağımız konfederasiyaya daxil etmək, fəaliyyətimizi genişləndirməkdir”.