Tanınmış türkiyəli alim ATU-da olub

Türkiyənin tanınmış plastik cərrahlarından olan professor İbrahim Yıldırım Azərbaycan Tibb Universitetində olub, professor Gəray Gəraybəyli ilə görüşüb.

Səmimi şəraitdə keçən görüşdə ATU-nun Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev qonaq haqqında məlumat verərək, onun Azərbaycan səhiyyəsinin inkişafı üçün gördüyü işlərdən danışıb. Ulu Öndər Heydər Əliyevlə dəfələrlə görüşən İ.Yıldırımın Azərbaycandan tibbi kadrların ilk mübadilə təşəbbüsünün müəllifi olduğu qeyd edilib.

Həmçinin qonağa ATU-dakı tədris prosesi, yeniliklər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, professor Gəray Gəraybəylinin universitetə rəhbərlik etdiyi 8 il ərzində ATU-da önəmli islahatlar aparılıb, proqramlar yenilənib, tələbələrin rahatlığı üçün bir çox işlər görülüb. O cümlədən universitetin beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib, tədris proqramlarımız beynəlxalq akkreditasiyadan keçib. Bu proses günün tələblərinə uyğun olaraq hazırda da davam etdirilir.

Universitetin hazırki fəaliyyəti haqda məlumatları razılıqla qarşılayan professor İbrahim Yıldırım Ulu Öndərlə bağlı xatirələrindən danışıb. O, Azərbaycan səhiyyəsinin inkişafına sevindiyini, daim gənclərə dəstək olduğunu ifadə edib.

Rektor Gəray Gəraybəyli İbrahim Yıldırımın ATU-nun ilk Fəxri doktorlarından biri olduğunu vurğulayaraq, görkəmli professorla həmsöhbət olmaqdan məmnunluğunu diqqətə çatdırıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.