Azərbaycanlı həkim Amerikada beynəlxalq mükafata layiq görülüb

 

Ölkəmizin səhiyyə sahəsində hər il islahatlar aparılır. Belə islahatlardan biri də həkimlərimizin dünya miqyasında səhiyyə təbirlərində iştirakını təmin etmək və ölkəmizin beynəlxalq tibb təhsilinə adaptasiyasına nail olmaq məqsədi güdür. Bununla əlaqədar olaraq hər il minlərlə gənc həkim müxtəlif xarici ölkələrdə konfrans və kurslarda iştirak edir.

ATU-nun Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin həkimi Ələmdar Cəfərov da iyunun 1-dən 6-dək Amerikanın Çikaqo şəhərində keçirilən “ASCO 2023” 59-cu konfransında iştirak edib. Qeyd edək ki, dr. Ə.Cəfərov bu görüşə İnternational Development and Education Award (İDEA) proqramının təşkilatçılığı və Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) rəsmi dəvəti ilə qatılıb. O həmçinin bu proqram çərçivəsində ABŞ-ın Ohayo ştatında hematologiya üzrə qısamüddətli klinik təcrübə də keçib.

ATU-nun əməkdaşı konfrans çərçivəsində Amerika Klinik Onkologiya Cəmiyyətinin və İDEA proqramının təşkil etdiyi Beynəlxalq Təhsil və İnkişaf mükafatına layiq görülüb.

“2023 Grant and Award Recipient” jurnalında İDEA proqramının 33 ölkə üzrə seçilən qalibləri sırasında azərbaycanlı həkim haqqında məlumat dərc olunub və ona CCF (Conquer Cancer Foundation) və Ohio Health and Riverside Methodist xəstəxanası tərəfindən sertifikat təqdim edilib.

Məlumat üçün bildirək ki, 1964-cü ildə yaradılan ASCO, hər il müxtəlif görüşlər təşkil edərək həm Amerika, həm də dünyada onkologiya sahəsində çalışan mütəxəssisləri bir araya gətirir. Belə ki, hər ilin iyun ayında ABŞ-ın Çikaqo şəhərində dünya onkoloqları üçün illik görüş keçirilir.

Hər il bu tədbirdə dünyanın nüfuzlu elm adamları, onkoloqları apardıqları tədqiqatların nəticələrini paylaşır və bu sahədə elmi yeniliklər barədə məlumat verilir. Bu konfransa canlı olaraq minlərlə həkim qatılır və bundan başqa, dünyanın bir çox yerlərində belə tədbirlər keçirilir. Məqsəd dünyada bu sahədəki yenilikləri izləyərək, xərçəngə qarşı effektiv mübarizə aparmaqdır.

2016-cı ildən başlayaraq bu nüfuzlu konfransa Azərbaycandan da həkimlər dəvət olunur.