London Brompton Hospitalının professoru ATU-nun qonağı olub
 
London Brompton Hospitalının əməkdaşı, kardioloq, professor Cemil İzgi Azərbaycan Tibb Universitetinin qonağı olub, rektor, professor Gəray Gəraybəyli ilə görüşüb.
 
Görüşdə ATU-nun rektoru Azərbaycanda səhiyyə və tibb təhsili sahəsinə dövlət səviyyəsində nümayiş etdirilən qayğıdan söz açıb. Son illər ölkəmizdə müasir xəstəxanaların inşa edildiyini, tibb müəssisələrində əhaliyə yüksək keyfiyyətli xidmətlər göstərildiyini diqqətə çatdırıb. Tibb təhsili alan gənclərin xarici ölkələrin klinikalarında mütəxəssislərin yanında təcrübə keçməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan rektor G.Gəraybəyli, bu məsələdə professor Cemil İzginin çalışdığı London
 
Brompton Hospitalının imkanlarından yararlanmağın faydalı olacağını qeyd edib.
Professor C.İzgi görüş zamanı fəaliyyət göstərdiyi xəstəxana haqqında məlumat verib. O, “Azərbaycan CMR” - Ürək MR kurslarında məruzəçi qismində iştirak etdiyini, azərbaycanlı həkim və rezidentlər qarşısında çıxış etməkdən məmnun olduğunu bildirib. 
 
Qeyd edək ki, ATU-nun müəllimi, Mərkəzi Klinikanın həkim-kardioloqu, professor Firdovsi İbrahimovun təşəbbüsü ilə təşkil olunan kurslara 60 kardioloq, 20 rezident qatılıb. 
 
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayevin də iştirak etdiyi görüşdə azərbaycanlı kardioloqların, o cümlədən ATU-nun tələbə və rezidentlərinin London Brompton Hospitalında müştərək elmi araşdırmalar aparması məsələsi müzakirə edilib.