Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 30 illik yubileyini qeyd edib

ATU-da Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  gedən döyüşlərdə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Bundan sonra YAP-ın Nəsimi rayon təşkilatının 30 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP-ın Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Azər Süleymanov xalqımızın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə vətənpərvər insanların, ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə əsl xalq partiyasına çevrildiyini vurğulayıb. O, rayon təşkilatının düz 30 il bundan əvvəl öz təsis yığncağını məhz bu zalda keçirdiyini xatırladaraq, YAP Nəsimi rayon təşkilatının qurulmasında çox böyük zəhməti olan insanların fəaliyyətini yüksək qiymətləndirib.  Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Bu illərdə onlarla partiya yaradılmış, lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə respublikadakı ümumi vəziyyəti daha da ağırlaşdıraraq iqtisadi və siyasi böhran yaratdı. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd əslində bütöv xalqın arzu və istəyinin ifadəsi idi”.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə sabitliyi bərpa etdiyini, separatçı qüvvələri zərərsizləşdirdiyini söyləyən A.Sülemanov,1994-1995-ci illərdə dövlət çevirilişlərinə cəhdlərin qarşısının da qətiyyətlə alındığını diqqətə çatdırıb.

Onu da bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu ölkə başçısı İlham Əliyevin uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən bir dövlətinə çevrilib. Eyni zamanda dövlətimizin daha da güclənməsində, xalqımızın rifahının daha da yaxşılaşmasında Heydər Əliyev Fondunun rəhbəri, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətlərindən danışıb.

Sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, professor Dilarə Seyidzadə qeyd edib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb: “Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycan müstəqilliyini itirməyə doğru gedirdi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə, Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail olublar. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edilib, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçilib. Beləliklə də müstəqil Azərbaycanın ən güclü partiyası - Yeni Azərbaycan Partiyası yaranıb”.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilk növbədə tədbir iştirakçılarını bu böyük tarixi hadisə münasibətilə təbrik edib. Sonra çıxışına davam edərək bildirib ki, 30 il tarix üçün böyük bir müddət olmasa da, insan həyatı üçün kifayət qədər böyük bir mərhələdir. Tədbir üçün niyə məhz bu zalın seçilməsinə də aydınlıq gətirən rektor xatırladıb ki, 30 il əvvəl bu auditoriya Tibb Universitetinin ən gözəl auditoriyası idi: “Bu gün daha möhtəşəm, daha böyük zallarımız, auditoriyalarımız var. Ancaq düşündük ki, tədbirin burada keçirilməsi həm də rəmzi məna daşıyır. Danılmaz faktdır ki, möhtəşəm rəsm əsərlərini yaxından seyr edib qavramaq çətindir. Bunlara mütləq bir məsafədən baxmaq lazımdır. Məncə, tarixi hadisələr və tarixi şəxsiyyətlərə baxış da belədir. 30 il bundan öncə Yeni Azərbaycan Partiyasının yarandığı dövrü yaşamışıq. Mən universiteti təzə bitirmiş gənc kafedra işçisiydim.  Səhv etmirəmsə, o zaman Azərbaycanda 90-dan artıq partiya qeydiyyatdan keçmişdi və hər partiya da vəd verirdi ki, Azərbaycanı bəlalardan xilas edəcək. Ancaq bu missiya Yeni Azərbaycan Partiyasına nəsib oldu. Çünki Yeni Azərbaycan Partiyasının rəhbəri Heydər Əliyev kimi dahi şəxsiyyət idi. Belə şəxsiyyətlər isə  100 ildə, bəlkə də 200 ildə bir dəfə dünyaya gəlir. Belə şəxsiyyətlərin bir çoxu tarixə təsir göstərə bilirlər, amma Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradırdı”.

Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlı üçün əziz, müqəddəs bir insan olduğunu söyləyən professor Gəray Gəraybəyli, bu dahi şəxsiyyətin Azərbaycan Tibb Universitetinin tələbələri, əməkdaşları üçün xüsusilə əziz olduğunu vurğulayıb: “Ulu öndər Heydər Əliyev hər zaman həkimlərə, tibb ictimaiyyətinə çox bağlı bir insan idi. O hətta ikinci dəfə hakimiyyətə gələndən sonra iki dəfə Azərbaycan Tibb Universitetində olmuşdu. Ulu Öndər hər zaman qeyd edirdi ki, həkimlər mənim dostlarımdır. Bu heç də təsadüfi deyildi. Çünki onun ailəsində Əziz Əliyev kimi böyük səhiyyə təşkilatçısı, dövlət xadimi, bu il 100 illiyini qeyd etdiyimiz çox böyük alim, akademik Zərifə xanım Əliyeva və universitetimizin tələbəsi, ixtisasca həkim olan, Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva vardı”.

Ulu Öndərimizin sərəncamı ilə Azərbaycan Tibb Universitetində Hərbi Tibb Fakültəsinin yaradıldığını da xatırladan rektor, bu fakültənin 18 məzununun 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldığını deyib. Bildirib ki, məhz Heydər Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində, özünün dediyi kimi, Azərbaycan dünyaya işıq saçan dövlətə çevrilmişdir: “Bu gün də onun siyasəti möhtərəm prezidentimiz İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən  uğurla davam etdirilir. Artıq qalib xalqıq. Buna görə də biz Ulu Öndərimizə və Yeni Azərbaycan Partiyasına minnətdarıq”.

Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin sədri, professor Vaqif Şadlinski vurğulayıb ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş həqiqi müstəqilliyimiz Prezident İlham Əliyev tərəfindən tamamilə sarsılmaz olmuş, ölkəmizdə olan demokratiya, tolerantlıq, bütün xalqların qardaş kimi yaşaması dünya dövlətləri üçün örnəkdir. Azərbaycan Prezidenti nüfuzlu beynəlxalq tədbirlərə başçılıq edir, dövlətimizdə elmin, təhsilin, səhiyyənin yüksəlişi, biznesin inkişafı üçün yaradılmış şərait dünya iqtisadi nəhənglərinin Azərbaycana can atmasına, iqtisadiyyatımızın artmasına şərait yaradır.

Yüksək mənəviyyatı, Vətəninə bağlılığı ilə hər bir dünya lideri üçün nümunə olan Prezidentimiz həmişə xalqladır və xalqı da hər zaman onun yanındadır. Azərbaycan ziyalılarının ölkəmizin ağır günlərində Ulu Öndərimizin ətrafında birləşməsi nəticəsində yaranmış Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin parlaq strategiyası sayəsində nəinki Cənubi Qafqazda, bütün dünyada qabaqcıl siyasi qüvvəyə çevrilmişdir.

Daha sonra YAP İdarə heyətinin üzvü, Azərbaycan–Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərov öz çıxışında gələn qonaqlara Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun salam və təbriklərini çatdırıb. O, çıxışında 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda bu cür taleyüklü məsələdə xalqımızın yanında olan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs edib. "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı müxalifət partiyası kimi yaradıldı və qısa müddət ərzində bu partiya cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. Vazeh müəllim onu da vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Məhz Ulu Öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrilmişdir. Vazeh Əsgərov çıxışının sonunda tədbir iştirakçılarına öz təbriklərini çatdıraraq nitqini yekunlaşdırıb.

Daha sonra şəhid atası Ceyhun Kərimli və Nəsimi Rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Azər Quliyev tədbirdə çıxış ediblər. Prezident İlham Əliyevin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini və hər bir şəhid ailəsinin bu diqqət və qayğını öz üzərlərində daim hiss etdiklərini vurğulayıblar. Azər Quliyev çıxışının sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovu bir daha təbrik edib və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi üçün təsis edilən “Vətən naminə” medalını ona təqdim edib.

Sonda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə fəxri fərman, təşəkkürnamə, partiya biletləri və hədiyyələr təqdim olunub.