Əcnəbi tələbələr ATU-da istehsalat təcrübəsinə başlayıb

İyulun 7-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ATU-da istehsalat təcrübəsi keçəcək əcnəbi tələbələrlə görüş olub. Görüşdə Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov çıxış edib. 

O, əcnəbi tələbələri universitet rəhbərliyi adından salamlayaraq, onların Həkimlər və Təbib Tələbələr İctimai Birliyi ilə ATU arasında imzalanmış memorandumuna əsasən, klinikanın Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Travmatologiya, Uşaq cərrahiyyəsi, İnvaziv kardiologiya və Ginekologiya şöbələrində bir ay müddətində təcrübə keçəcəklərini bildirib. Qeyd edib ki, bu məsələ universitetin rektoru, professor Gəray Gəraybəylinin, o cümlədən klinika rəhbərliyinin diqqət mərkəzindədir.

Klinikanın baş həkimi, professor Fariz Camalov öz çıxışında TCK-nın fəaliyyəti, burada aparılan müayinə və müalicələr haqqında əcnəbi tələbələrə ətraflı məlumat verib. Onlara təcrübələrini yüksək səviyyədə keçmələri üçün hər cür şərait yaradıldığını söyləyib və uğurlar arzulayıb.

Görüşdən sonra N.Xəlilov qonaq tələbələri klinikanın şöbələri ilə tanış edib. 

Qeyd edək ki, bir ay ərzində əcnəbi tələbələr əməliyyatlarda, sarğıların qoyulmasında, pasiyentlərin müayinə və müalicəsində yaxından iştirak edəcəklər.