35 tələbə magistr dərəcəsinə layiq görülüb

Magistratura təhsil pilləsində yay sessiya imtahanları və dissertasiya müdafiələri yekunlaşıb

 

Azərbaycan Tibb Universitetində magistratura təhsil pilləsində iyunun 1-dən başlanan yay sessiya imtahanları iyulun 7-də yekunlaşıb. Proses zamanı 5 əsas (Əczaçılıq, Klinik (Tibbi) psixologiya, Menecment (səhiyyə sahəsi üzrə), Mikrobiologiya və Biokimya) ixtisas olmaqla, 5 alt ixtisaslaşma (Əczaçılıq kimyası, Farmakoqnoziya, Toksikoloji kimya, Əczaçılıq texnologiyası, Əczaçılığın təşkili) üzrə I kurslarda toplam 55 fəndən imtahanlar keçirilib.

Bunlardan 6-sı Əczaçılıq kimyası ixtisasına aiddir. Həmin fənlər Kimyəvi birləşmələrdə “quruluş-fəallıq”, Dərman maddələrinin standartlaşdırılması, Əczaçılığın tarixi və metodologiyası (test), Kimyəvi dərman maddələri, Əczaçılıq analizində fiziki-kimyəvi və kimyəvi üsullar, Dərman maddələrinin metabolizmidir.

Farmakoqnoziya ixtisasından da 6 fənn üzrə imtahanlar olub: Bitki xammalının fitokimyası, Bitki ehtiyatşünaslığı, Əczaçılığın tarixi və metodologiyası (test), Fitoterapiya, Heyvan və mineral mənşəli dərman xammalları və Bitki xammalının diaqnostikası.

Magistrantlar yay sessiyasında Toksikoloji kimya ixtisası üzrə Bitki və heyvan mənşəli maddələrin kimyəvi-toksikoloji analizi, Кsenobiotiklərin metabolizm reaksiyaları, Əczaçılığın tarixi və metodologiyası (test), Sintetik üzvi zəhərli maddələrin kimyəvi-toksikoloji analizi, Analitik kimya, Qeyri-üzvi zəhərli maddələrin kimyəvi-toksikoloji analizi fənlərindən də imtahan veriblər.

Əczaçılıq texnologiyası ixtisası üzrə imtahanlar isə Biotexnologiya, Fitopreparatların texnologiyası, Əczaçılığın tarixi və metodologiyası (test), Homeopatik preparatların texnologiyası, Əczaçılıq bioetikası, Müalicəvi kosmetoloji dərman vasitələri fənlərindən keçirilib.

Cari yay sessiyasında Əczaçılığın təşkili ixtisasından Əczaçılığın əmtəəşünaslığı, Əczaçılığın iqtisadiyyatı, Əczaçılığın tarixi və metodologiyası (test), Əczaçılıq marketinqi, Əczaçılıq menecmenti, Bitki mənşəli parafarmasevtik vasitələrin texnologiyası fənləri üzrə də magistrantların bilikləri yoxlanılıb.

Rezidentura və magistratura şöbəsinin müdir müavini, baş müəllim Əfsanə Məmmədovanın verdiyi məlumata görə, həmçinin Klinik (tibbi) psixologiya ixtisası üzrə magistrantlar Asılılıq psixologiyası, Statistikanın əsasları, Psixoloji müayinənin əsasları: konsultasiya, diaqnostika, hesabatın tərtibi, Koqnitiv psixologiya, Psixopatologiya və Psixi pozuntular fənlərindən sınağa çəkilib.

Menecment (səhiyyə sahəsi üzrə) ixtisası üzrə imtahanlar 9 fənni - Səhiyyə müəssisələrində risklərin idarəolunması, Tədqiqat işinin aparılması, Səhiyyə xidmətlərinin təşkili və idarəolunması, Təşkilati davranış, Səhiyyədə marketinq, Tibbi sığorta, Səhiyyə qanunvericiliyi, Səhiyyədə insan resurslarının idarəolunması və Ekoloji sağlamlığa giriş fənlərini əhatə edib.

Biokimya ixtisası üzrə imtahanlar da 9 fənn üzrə aparılıb. Bu ixtisas qrupuna Zülal və nukleoproteinlərin metabolizmi, Oksidativ stress və antioksidantlar, Vitaminlər və mikroelementlər, Enzimologiya, Apoptoz və biomarkerlər, Biokimyəvi tədqiqat üsulları, Biokimyəvi tənzim mexanizmləri, Reseptorlar və hüceyrələrarası münasibət, Membranologiya və nəqlolunma sistemləri fənləri daxildir.

Yay sessiyasında magistrantlar Mikrobiologiya ixtisasından 5 fənn - Klinik mikrobiologiya, Bakteriologiya, Tibbi parazitologiya, Mikologiya, Virusologiya fənləri üzrə də imtahan sınağından keçiblər.

İxtisaslar üzrə əsas fənlərdən imtahanlar ənənəvi (bilet üzərindən) şifahi canlı formatda müvafiq kafedralarda təşkil olunub. Yalnız Əczaçılıq ixtisası üzrə tədris olunan Əczaçılığın tarixi və metodologiyası fənnindən imtahan test üsulu ilə Virtual test mərkəzində reallaşıb.

Həmçinin magistratura təhsil pilləsində 2022-2023 tədris ilində II kursu bitirən 35 nəfər magistrant müvafiq ixtisaslaşdırılmış müdafiə şuralarında dissertasiya işlərini müdafiə edərək magistr dərəcəsinə layiq görülüblər. Onlardan 33 nəfər yerli, 2 nəfər əcnəbi vətəndaşdır. Universitetimizdə magistr dissertasiyaları plagiat proqramında yoxlanılıb və nəticələr qənaətbəxşdir.

Qeyd edək ki, 2023-cü il buraxılışında 16 nəfər Əczaçılıq (onlardan 4 nəfər Əczaçılıq kimyası, 3 nəfər Toksikoloji kimya,  3 nəfər Farmakoqnoziya, 3 nəfər Əczaçılıq texnologiyası, 3 nəfər  Əczaçılığın təşkili), 9 nəfər Klinik (tibbi) psixologiya, 10 nəfər isə Menecment (səhiyyə sahəsi üzrə) ixtisasları üzrə məzun olublar. Məzunlarımızdan 33 nəfər fərqlənmə, 2 nəfər adi diplomla ATU-nun magistratura pilləsini bitirir.