ATU-da klinik genetikaya həsr olunmuş elmi-praktik seminar kecirilib

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında klinik genetikanın öyrənilməsinə həsr olunmuş 3 günlük elmi-praktik seminar kecirilib. Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyası və ATU-nun 1-ci Müalicə Profilaktika Fakültəsinin Nevrologiya Kafedrasının birgə təşkil etdiyi seminarda fakültənin dekanı, dosent Elşad Novruzov açılış nitqi ilə çıxış edərək seçilmiş mövzunun aktuallığı və elmi araşdırmaların tətbiqi baxımından əhəmiyyətindən söz açıb.

 

Seminarda Lokman Hekim Universitetinin şöbə müdiri professor Dr. Sərdar Ceylaner və dosent Dr.Gülay Ceylaner çıxış edərək genetik müayinələrin növləri, belə müayinələrə olan göstərişlər,  xəstəliklərin əlamətlərinə görə qiymətləndirilmə aparılması metodları və digər bu kimi mövzularda danışıblar.

 

Tədbirdə Tədris Terapevtik Klinikasının həkim-rezidentləri ilə yanaşı, K.Fərəcova adına  Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun və UNX-nın əməkdaşları iştirak edib.

 

Seminarda həmçinin genetik mənşəli xəstəlik şübhəsi olan pasiyentlərə birgə baxış keçirilib, müayinə və müalicəyə aid olan tövsiyyələr səsləndirilib. Tədbirdə həm də  1-ci Müalicə Profilaktika Fakültəsinin fəal tələbələri hazırladıqları kliniki halları müstəqil şəkildə təqdim ediblər.