ATU-nun əməkdaşı Avropa Nevroloji Akademiyasının Konqresində iştirak edib

1-4 iyul 2023-cü il tarixlərində Macarıstanın Budapeşt şəhərində nevrologiya sahəsində dünyanın ən mötəbər və aparıcı qurumlarından biri olan Avropa Nevroloji Akademiyasının IX Konqresi keçirilib.

Tədbirdə 116 ölkəni təmsil edən 6000-dən çox nevroloq, neyrofizioloq iştirak edib.

Konqresin sessiyaları və bir-birindən maraqlı məruzələr dünyanın 400-dən çox qabaqcıl mütəxəssisləri tərəfindən aparılıb. Müxtəlif sessiyalar zamanı nevrologiya sahəsində olan son tədqiqatların nəticələri, nevroloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi geniş müzakirə olunub.

Konqresdə ATU-nun Nevrologiya kafedrasının assistenti, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının və Ümumdünya Nevroloqlar Federasiyasının Azərbaycan bölmələrinin katibi, t.ü.f.d. Şəhla Məlikova da iştirak edib. Ş.Məlikovanın “Hamiləlik zamanı yeni yaranmış epilepsiyanın klinik xüsusiyyətləri” (“Clinical characteristics of new-onset epilepsy during pregnancy”) mövzusunda poster təqdimatı konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.