ATU-nun mütəxəssisləri beynəlxalq kursda iştirak ediblər

Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyənin İstanbul şəhərində böyrək transplantasiyası üzrə beynəlxalq kursda iştirak ediblər. Beynəlxalq Transplantasiya Şəbəkəsi (International Transplant Network) və Avropa Orqan Transplantasiya Cəmiyyətinin (ESOT) təşkilatçılığı ilə baş tutan kurs orqan köçürmə cərrahiyyəsi və nefrologiyası kimi iki əsas bölmədən ibarət olub.

Dünyanın 30-dan çox ölkəsindən olan 100-dən artıq iştirakçılar arasında ATU-nun  I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov, Tarnsplantologiya şöbəsinin müdiri, assistent Anar Namazov, uzman Dr. Orxan Quliyev və Dr. Şəbnəm Qədiməliyeva da olublar. Yüksək ixtisaslı mütəxəssislər tərəfindən mühazirələr səslənməsi ilə yanaşı, kursda həmçinin transplantasiya mərkəzlərinin təcrübələri nümayiş etdirilib. Kursun özəlliklərindən biri də burada iştirakçılar qarşısında canlı əməliyyatların icra olunması, paralel olaraq əməliyyatların xüsusiyyətləri və mərhələləri müzakirə edilməsi olub.

Dünyanın hər yerindən həkimləri bir araya gətirən kursda Türkiyəli mütəxəssilər tərəfindən donor nefrektomiyasının həm laparoskopik, həm retroperitoneskopik, həm də robotik üsulları canlı olaraq həyata keçirilib.  Bu zaman böyrək köçürülməsində (həm donor nefrektomiyası, həm də qreftin implantasiyasında) robotun tətbiqi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.