Prorektor ATU-da istehsalat təcrübəsi keçən əcnəbi tələbələri qəbul edib

 

İyulun 25-də ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov Tədris Cərrahiyyə Klinikasında təcrübə keçən əcnəbi tələbələri qəbul edib. O, istehsalat təcrübəsini məhsuldar keçirən əcnəbi tələbələrə universitetimiz haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Tibb Universitetində təhsil alan 7 min tələbənin təxminən 3 minə qədəri xarici ölkə vətəndaşıdır. Universitetin ötən il beynəlxalq akkreditasiyadan keçdiyini, 100-ə yaxın beynəlxalq müqavilə imzaladığını xatırladan prorektor, son illərdə aparılan islahatların uğurlu nəticələrindən danışıb. Eyni zamanda burada təcrübə keçən tələbələrin öz ölkələrinə qayıtdıqdan sonra ölkəmiz, universitetimiz barədə xoş təəssüratlarını bölüşəcəklərinə, elmi və praktik əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini diqqətə çatdırıb.

İstehsalat təcrübəsindən razı qaldıqlarını söyləyən əcnəbi tələbələr həmçinin qədim tarixə malik Bakı şəhəri ilə yaxından tanış olduqlarından və Azərbaycanın bəzi regionlarına səyahət etmək fürsəti qazandıqlarından məmnunluqla söhbət açıblar.

Görüşün sonunda əcnəbi tələbələrə sertifikatlar təqdim olunub.

Görüşdə universitetin Tədris Departamentinin direktoru, dosent Kamandar Yaqubov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov iştirak ediblər.

Qeyd edək ki, Türkiyə, Slovakiya, Rumıniya, Macarıstan, Serbiya, Litva, Çexiya və digər Avropa ölkələrindən gələn tələbələr Həkimlər və Təbib Tələbələr İctimai Birliyi ilə ATU arasında imzalanmış memoranduma əsasən, Tədris Cərrahiyyə Klinikasının Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Travmatologiya, Uşaq cərrahiyyəsi, İnvaziv kardiologiya və Ginekologiya şöbələrində bir ay müddətində təcrübə keçiblər. Onların istehsalat təcrübəsi universitetin rektoru, professor Gəray Gəraybəylinin, o cümlədən klinika rəhbərliyinin diqqət mərkəzində olub.