Ana südü ilə qidalandirmanin əhəmiyyətinə dair tədbir keçirilib

1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (TCK) Neonatologiya şöbəsində tədbir təşkil olunub.

Adıçəkilən şöbənin müdiri, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının assistenti, dr. Sərxan Elbəyiyev ana südü və körpələri onunla qidalandırmağın əhəmiyyəti mövzusunda təqdimatla çıxış edib: “Ümumdünya əmizdirmə həftəsi ilk dəfə WABA (World Alliance for Breastfeeding Action) tərəfindən Malayziyada təsis olunub. Əsas məqsəd ana və yenidoğulmuşların ölümünün qarşısını almaqdır. ÜST və UNİCEF uşaqları ilk 6 ay ərzində sadəcə ana südü ilə qidalandırmağı məsləhət görür. Bizlər də klinikamızda uşaq dünyaya gətirən analara onların özü və körpələrinin sağlamlığı üçün ana südünün böyük əhəmiyyətini izah edir, onun bir çox müsbət nəticələrini diqqətə çatdırırıq”.

Tədbirin davamında TCK-nın Ginekologiya şöbəsinin müdiri, I Mamalıq-ginekologiya kafedrasının professoru Səadət Sultanova, II Uşaq xəstəlikləri kafedrasının assistenti Sevinc Muxtarova çıxış edərək bu mövzuda fikirlərini bölüşüblər.

Qeyd edək ki, Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi münasibətilə Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Burada məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, körpələrin, o cümlədən anaların sağlamlığı baxımından ana südü ilə qidalandırmanın önəmi barədə geniş maarifləndirmə  aparmaqdır.