Azərbaycanda ürək-damar xəstəliklərinə dair tədqiqat aparılıb

 

Avropa Kardioloji Cəmiyyəti və Avropa Profilaktik Kardiologiya Assosiasiyasının SURF CHD (Survey of Risk Factors in Coronary Heart Disease) tədqiqatının Azərbaycan üzrə nəticələri “World Journal of Cardiology” adlı nüfuzlu jurnalda dərc olunub.  

Tədqiqat klinik audit xarakterli olub, İrlandiyanın Trinity College Dublin və Niderlandın Utrext Universitetinin kardiologiya sahəsində tanınmış mütəxəssisləri professor İ.Graham və professor D.Grobbee tərəfindən hazırlanmış protokola əsasən, dünyanın 30-a yaxın ölkəsində aparılıb. Araşdırmanın əsas məqsədi ürək-damar xəstəlikləri (ÜDX) olan insanlarda əsas risk amillərinə nə dərəcədə nəzarət edildiyini öyrənmək olub.

Azərbaycanda SURF tədqiqatının aparılması ATU-nun dosenti, Azərbaycan Kardiologiya Cəmiyyətinin Kardioprofilaktika və Reabilitasiya işçi qrupunun rəhbəri Rəhimə Qabulovanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. Bakıda və ölkəmizin bölgələrində kardioloji profilli şöbələrə 2019-2022-ci illərdə müraciət etmiş xəstələrin klinik məlumatları analiz olunub və təsdiqlənmiş ÜDX olan pasiyentlər arasında artıq çəki, tütünçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet, hiperlipidemiya kimi risk amillərinə nəzarətin hələ qənaətbəxş olmadığı, onları xarakterizə edən klinik-laborator göstəricilərin səviyyələrinin beynəlxalq tövsiyələrdəki hədəflərə çatmadığı aşkar edilib.

Tədqiqatda ÜDX-nin ikincili profilaktikasına diqqətin artırılmasının vacibliyi qeyd edilərək müvafiq tədbirlərin ölüm, təkrari hospitalizasiya, əlilliyin və nəticədə səhiyyə xərclərinin azaldılmasına gətirib çıxaracağı vurğulanıb.

Qeyd etmək lazımdır ki, beynəlxalq tədqiqatda Azərbaycanın təcrübəli kardioloq-mütəxəssisləri ilə yanaşı, gənc həkimlər də aktiv iştirak ediblər.