ATU-nun nümayəndəsi Çində beynəlxalq tədbirlərdə iştirak edib

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Çin Xalq Respublikasında səfərdə olub.

O, Şenyan şəhərində yerləşən Çin Tibb Universitetinin əsas təşkilatçılığı ilə keçirilmiş “Bir kəmər, bir yol” Beynəlxalq Tibb Təhsili Alyansının (BRIMEA) İdarə Heyətinin iclasında, BRIMEA-2023 təhsil konfransında və Çin Tibb Universiteti-FAIMER Regional İnstitutunun 10 illik yubiley tədbirində iştirak edib. İdarə Heyətinin iclasında alyansın ötən ildə gördüyü işlər barədə hesabat dinlənilib və yeni üzvlərin qəbulu həyata keçirilib. Təhsil konfransında Çinin müxtəlif əyalətlərinin tibb universitetlərinin nümayəndələri ilə yanaşı, ABŞ, Türkiyə, Cənubi Afrika Respublikası, Filippin, Qazaxıstan, Qırğızıstan, Pakistan və Belarusdan olan tibb təhsili ekspertlərinin ümumən 17 çıxışı təqdim edilib.

Səfər çərçivəsində Müşfiq Orucov Çin Tibb Universitetinin prezidenti, professor Wang Zhenning tərəfindən qəbul edilib. M.Orucov Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin salamlarını və konfransla bağlı təbriklərini çatdırıb, universitetlərimizin BRIMEA çərçivəsində əməkdaşlığının əhəmiyyətini qeyd edib. Professor W.Zhenning ATU-nun tibb təhsili üzrə belə bir nüfuzlu beynəlxalq tədbirdə təmsil olunmasından məmnunluğunu ifadə edib, alyans daxilində olan tibb təhsili müəssisələrinin qarşılıqlı əməkdaşlıq perspektivlərindən danışıb.