ATU-nun HİK sədri Cahangir Qasımov: "Yataqxanalarımızın ümumi tutumu 1160 nəfərə yaxındır" - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov: "Hal-hazırda ATU-da 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb. Yataqxanalarımızın ümumi tutumu 1160 nəfərə yaxındır".

 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prossesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra  Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Lakin Şəhid ailələrində olan və valideyn himayısindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir. Qazi uşaqlarına və I qrup əlil valideyini olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları həmişə Rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur.