ATU yeni tədris ilinə hazırlaşır

Ölkəmizin ən qabaqcıl universitetlərindən olan Azərbaycan Tibb Universiteti (ATU) yeni tədris ilinə hazırlaşır. Artıq sentyabrın 5-dən etibarən universitetə qəbul olan tələbələrin sənədlərinin qeydiyyat prosesinə start verilib.

Prosesin tələbələr üçün rahat keçməsi və nizamlanması məqsədilə ATU-nun tədris departamentinin müdir, dosent Kamandar Yaqubovun rəhbərliyi ilə geniş toplantı keçirilib.

Tədris departamentinin müdiri, dosent K. Yaqubov iştirakçılara qarşıda duran işlər, proses iştirakçılarının məsuliyyəti, bu il sənəd qəbulu prosesində tətbiq edilən dəyişikliklər barədə məlumat verib. Qeyd olunub ki, bu il prosesin daha da asanlaşdırılması məqsədilə fakültələr üzrə sənəd qəbulu fərqli məkanda - ATU şəhərciyində aparılır. Sentyabrın 12-dək davam edəcək sənəd qəbulu zamanı tələblərin yaradıcı bacarıqları və maraq dairələri də nəzərə alınır. Belə ki, musiqi qabiliyyəti, idmana həvəsi olan tələbələr üçün xüsusi guşə yaradılıb. Fakültə dekanları və dekan müavinlərinin iştirak etdiyi toplantıda yeni tədris ili ilə bağlı digər məsələlər, özünü təhlil akkreditasiyası prosesinə hazırlıqla bağlı görülən işlər, barədə də məlumat verilib.