ATU-da Karamanoğlu Mehmetbey Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 Görüşdə ali məktəblər arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli son illər universitetin beynəlxalq əlaqələrinin genişləndiyini və bu baxımdan qardaş Türkiyənin ali məktəbləri ilə münasibətlərin üstünlük təşkil etdiyini bildirib. Hazırda ATU-nun bir çox Türkiyə universitetləri ilə qarşılıqlı əməkdaşlığa dair memorandumunun mövcud olduğunu vurğulayan rektor G.Gəraybəyli bu əlaqələrin səhiyyənin inkişafı və tədris prosesinin təkmilləşdiriməsini əhatə etdiyini qeyd edib.

Rektor G.Gəraybəyli ATU-da xarici ölkələrdən tələbələrin təhsil aldığını, onlar arasında Türkiyədən gənclərin olduğunu da diqqətə çatdırıb.

 Karamanoglu Mehmetbey Universitetinin rektoru Mehmet Gavgalı rəhbərlik etdiyi universitetin 22 min tələbəsi olduğunu vurğulayaraq 16 illik fəaliyyət dövründə universitetin böyük uğurlar qazandığını bildirib. Hazırda 11 fakültəsi olan universitet bu il ilk dəfə olaraq tibb fakültəsindən məzunları yola salıb. O, tibb təhsili sahəsində ATU ilə əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına inandığını deyib. Sonda iki universitet arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.