Rektorlar beynəlxalq konfransa hazırlığı müzakirə ediblər

ATU tərəfindən görülən işlər yüksək qiymətləndirilib

Oktyabrın 7-10-da Azərbaycan Tibb Universitetində Tibb təhsili üzrə beynəlxalq konfrans (International Conference on Medical Education – ICME) keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən alim və ekspertləri paytaxtımıza toplayacaq bu tədbir ATU və Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) birgə təşkilatçılığı ilə baş tutacaq.

“ICME-2023 Bakı” toplantısının təşkili ilə bağlı ATU-da növbəti görüş keçirilib. Universitetin rektoru, professor Gəray Gəraybəyli RIU-nun kansleri Həsən Məhəmməd Xanla görüşündə tədbirə hazırlıq işləri haqqında ətraflı məlumat verib. Görülən işləri yüksək qiymətləndirən tərəflər tədbirin uğurla keçəcəyindən əminliklərini bildiriblər. Toplantı ilə bağlı təbliğat işlərinin aparılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.

Qeyd edək ki, ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə, bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.