8 sentyabr - Dünya Fizioterapiya Günüdür   - VİDEO

8 Sentyabr - dünyada Beynəlxalq Fizioterapevtlər Günü kimi qeyd olunur. İnsanların sağlamlığının keşiyində dayanan bu peşənin sahiblərinə ölkəmizdə də böyük ehtiyac var.

Xüsusilə 44 günlük Vətən müharibəsində bunu bir daha gördük. İstər müharibə davam edərkən, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və reablitasiya şöbəsinin əməkdaşları yüzlərlə qazimizin sağlamlığının reablitasiya olunmasında xüsusi fədakarlıq nümayiş etdirdilər. Adıçəkilən şöbədə müalicə alan qazilərimizin əksəriyyəti sağalaraq klinikadan məmnun, tibbi personaldan razılıqla doğmalarının yanına döndülər.

Şöbənin müdiri Nurlana Əliyeva bizimlə söhbətində fizioterapevtlərin səhiyyədə ən önəmli peşə sahiblərindən biri hesab olunduğunu qeyd edib: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük müharibədə Ali Baş Komandanımızın rəhbərliyi və cəngavər oğlanlarımızın qəhrəmanlığı sayəsində qələbə qazandıq. Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və reablitasiya şöbəsində  müharibə dönəmində və müharibədən sonrakı dövrlərdə 800-dən çox yaralı müalicə olundu. Fizioterapevtlər qazilərin sağalması, normal hərəkətinin bərpası üçün əllərindən gələni etdilər.

Yaralanmış döyüşçülərimizn reabilitasiyasında fizioterapevtlər böyük rol oynadı. Proses belədir ki, həkim baxır, diaqnozu təsdiq edir, o işlərin həll olunmasında ən yaxın köməkçi isə fizioterapevtlərdir.

Eləcə də idman yarışlarında xəsarət alan idmançılarımızın zədələrinin aradan qaldırılmasında fizioterapevtlərin rolu danılmazdır. COVİD-19 pandemiyası zamanı xəstələrin şəfa tapmasında da fizioterapiyadan istifadə öz sözünü dedi”.

N.Əliyeva rəhbərlik etdiyi şöbədə fizioterapiya və reabilitasiya ilə yanaşı, digər prosedurların da tətbiqindən söhbət açıb. Bildirib ki,  PRP deyilən müalicə metodu var: “Xəstənin öz qanı sentrifuqada xüsusi üsulla çökdürülür, trombosidlər ayrılır və daha sonra tələb olunan nahiyələrə daxil edilir. Bu metod böyük effektə malikdir. Saç tökülməsinin qarşısının alınması, baş dərisinin qidalanması, hüceyrələrin və üz dərisinin yenilənməsində ondan geniş istifadə edirik. Qeyd edim ki, siz bu metodun reklamı ilə müxtəlif məkanlarda qarşılaşa bilərsiniz. Amma onların əksəriyyəti ucuz avadanlıqlarda, qeyri-peşəkar şəxslər tərəfindən olunur. Bizdə isə bu proses ən müasir avadanlıqda, tam dəqiqliklə və xüsusi vurğulayım ki, ikiqat olmaqla həyata keçirilir”.

Şöbə müdiri bu sahədə təsadüfi, naşı, heç bir təhsili və savadı olmayan insanların işləməsindən təəssüfləndiyini bildirib. Qeyd edib ki, bəzi gözəllik salonlarında heç bir həkim göstərişi olmadan insanlara fizioterapiya proseduru tətbiq olunur. Nəticədə bəzən xoşagəlməz hallar ortaya çıxır.

N.Əliyeva artıq bir neçə ildir ki, Tibb Universitetində bu sahə üzrə mütəxəssislər hazırlanmasına da toxunub: “Mən çox sevinir və fərəh duyuram ki, artıq fizioterapevtlərimiz bizim universitetdə hazırlanır, öz ixtisaslarını dərindən mənimsəyirlər. Sevindirici hallardan biri də odur ki, son vaxtlar gənclərimiz arasında bu sahəyə maraq xeyli yüksəlib”.