ATU əməkdaşı bariatrik cərrahiyyə üzrə dünya miqyaslı konqresdə ölkəmizi təmsil edib

Azərbaycan Tibb Universitetinin (ATU) birinci cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov bariatrik cərrahiyyə üzrə dünya miqyaslı konqresdə ölkəmizi təmsil edib.

Tanınmış cərrah Beynəlxalq Piylənmə və Metabolik Xəstəliklərin Cərrahiyyə Federasiyasının (IFSO) XXVI toplantısında təqdimatla çıxış edib. Cərrahların beynəlxalq təşkilatı olan IFSO dünyanın fərqli ölkəsindən yüzlərlə mütəxəssisi, 70-dən çox milli təşkilatı özündə birləşdirir. İtaliyanın Neapol şəhərində keçirilən dünya konqresində bariatrik cərrahiyyənin pionerləri sayılan mütəxəssislər, beynəlxalq aləmdə tanınan alimlər iştirak ediblər. ATU əməkdaşı toplantıdakı çıxışı zamanı Azərbaycan üzrə statistika ilə iştirakçıları tanış edib.

T.Ömərovun sözlərinə görə, artıq 4 ildir ki, ölkəmizdə aparılan bariatrik metabolik cərrahiyyə əməliyyatları beynəlxalq statistikaya daxil edilir. Xatırladaq kİ, T.Ömərova məxsus laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası - “Aşırı piylənməsi olan xəstələrdə bariatrik - metabolik cərrahi müalicənin optimallaşdırılması” metodu üçün Avrasiya Patent Təşkilatından (EPO) patent alıb, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib. Qeyd edək ki, ATU-nun adı 2021-ci ildən etibarən İFSO beynəlxalq təşkilatının Qlobal Reyestrinə daxil olub. İllik hesabat şəklində dərc olunan bu reyestrdə inkişaf etmiş dövlətlərdə bariatrik cərrahiyyə sahəsində aparılan əməliyyatların, qeydə alınan və müalicə edilən xəstəliklərin dəqiq sayı, dürüstlük əmsalı əks olunur.