ATU-da tələbələrin sənədlərinin qəbulu prosesi davam edir - Video

Sentyabrın 5-dən etibarən Azərbaycan Tibb Universitetinə bu il daxil olan tələbələrin sənədlərinin qəbuluna start verilib. Valideynləri və yaxınları ilə universitetə təşrif gətirən 1-ci kurs tələbələri olduqca sevincli görünür. Niyə də sevinməsinlər? Axı onlar ölkənin ən nüfuzlu universitetlərindən biri olan Azərbaycan Tibb Universitetində təhsil almaq hüququ əldə ediblər.

Universitetin bütün fakültə dekanları, dekan müavinləri, akademik məsləhətçi, fakültənin tələbə dekanı, Tələbə Həmkarlar və Tələbə Gənclər təşkilatlarının sədrlərinin birgə iştirakı ilə keçirilən sənədlərin qəbulu prosesini izlədik.

Universitetin Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov prosesə nəzarət edirdi. Onun bildirdiyinə görə, tələbə olmaq hüququ qazananlar ilk öncə Elm və Təhsil Nazirliyinin portalında qeydiyyatdan keçirlər. Daha sonra sənədlərini qeydiyyatdan keçirmək üçün universitetə təqdim edirlər: “Biz universitetimizin saytında elan etdik ki, tələbələr çalışıb sentyabrın 12-dək sənədlərini universitetdə qeydiyyatdan keçirsinlər ki, ayın 14-də ümumi görüşümüz zamanı dərs cədvəllərini onlara təqdim edə bilək. Və sentyabrın 15-i “Bilik Günü”ndə dərslərinə başlaya bilsinlər”.

Dosent K.Yaqubov sentyabrın 14-də hər fakültə üzrə dekan və dekan müavinlərinin iştirakı ilə mühazirə zallarında tələbə və valideynləri ilə görüş keçiriləcəyini də bildirib: “Bu görüşdə universitetdə tədrisin təşkili, tədris bazaları, kitabxana, eyni zamanda tələbə üçün maraqlı olan bütün məqamlar diqqətə çatdırılacaq, onların suallarına aydınlıq gətiriləcək. Bu ildən başlayaraq tələbələrə buklet təqdim olunacaq. Qeyd edim ki, bukletdə universitet, dekanlıq, dekanlığın heyəti, balların hesablanması və tələbə üçün vacib olan digər məqamlar öz əksini tapıb.

2023-2024-cü tədris ilində tibb ixtisasında plan yeri 550-dən 600-ə, stomatologiyada 70-dən 100-ə, ictimai səhiyyədə 70-dən 80-ə, tibb bacısı işində 40-dan 60-a, əczaçılıqda 70-dən 80-ə artırılıb.  Sevindirici haldır ki, plan yerlərimiz dolub”.

Tələbələr bizimlə söhbətlərində sənədlərin qəbulu prosesinin təşkilindən razılıq edirlər. Əksəriyyəti öz ixtisaslarını sevərək seçdiyini deyir.

98 saylı Kəlbəcər məktəbini bitirən Turani Məhərrəmli 684.2 bal toplayıb. Gələcəyin cərrahı olmaq istəyir. Zaqatala şəhər Ş.Qurbanov adına 3 saylı orta məktəbi bitirən Nəzrin Məmmədova 659.9 bal toplayıb. Tibb ixtisası üzrə təhsil alacaq. Kimya-biologiya təmayüllü respublika liseyini bitirən Xumar Feyziyeva isə 564 balla Stomatologiya fakültəsinə daxil olub. Arzusu gələcəyin stomatoloqu olmaqdı.

Biz də öz növbəmizdə, universitetimizə daxil olan tələbələri təbrik edir, gələcəyin savadlı, peşəkar həkimləri olmalarını arzu edirik.