Bu günlərdə ATU-nun İctimai fənlər kafedrasının dosenti Elbrus Sadıqovun “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyinin inkişaf strategiyası” adlı elmi məqaləsi Türkiyənin Akademik Tarix və Düşüncə Dərgisi məqalə toplusunda dərc olunub.
Qeyd edək ki, bu jurnal türk və ingilis dillərində nəşr olunan, beynəlxalq statusa malik məqalələr toplusudur.
Məqalədə gənclərin cəmiyyətdə ictimai-siyasi fəallığını artırmaq üçün həyata keçirilən dövlət proqramının tətbiqindən və idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsindən bəhs edilir. Qazanılan nailiyyətlərin Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi olduğu vurğulanır. 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi idi. Bu məqamlar məqalədə xüsusilə araşdırılıb.