Kursantlar Vətənə sədaqət andı içiblər - Video

Sentyabrın 10-da Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində ATU-nun Hərbi tibb fakültəsinin kursantlarının təntənəli andiçmə mərasimi keçirilib. Əvvəlcə hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib və şəxsi heyətin düzülüşü barədə fakültə rəisinə məruzə edilib.

Bundan sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Mərasimi giriş nitqi ilə açan Hərbi tibb fakültəsi rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə baş köməkçisi, polkovnik-leytenant Yaqub Qasımov gənc kursantları təbrik edərək onların hər birinə cansağlığı, ailə xoşbəxtliyi arzulayıb. Polkovnik-leytenant ordumuzun daha da qüvvətli olması üçün onun sıralarına yeni nəfəs, yeni ruh və döyüş əzmi gətirilməsinin vacibliyini bildirib.

Valideynlər adından kursant İsrayil İsgəndərlinin babası, Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının üzvü Xaliq İsgəndərov çıxış edərək, oğlunun hərbi həkim peşəsini seçməsindən qürur duyduğunu söyləyib. O, gənc kursantların Azərbaycan ordusunda hərbi həkim kimi çalışmaqla valideynlərinin başını uca edəcəklərinə əminliyini bildirib və onların yaxınlarına, doğmalarına, bütövlükdə Azərbaycan xalqına gözaydınlığı verib. Çıxışının sonunda üzvü olduğu qurumun fəxri fərmanını Hərbi tibb fakültəsinin rəisi və müəllim kollektivinə təqdim edib.

Kursantlar adından çıxış edən Murad Cavadzadə hərbi and içərkən onlara nə qədər böyük və şərəfli bir iş tapşırıldığını yaxşı anladıqlarını, bu hadisənin kursantların həyatında əlamətdar bir gün kimi qalacağını deyib. Eyni zamanda, kursant yoldaşlarını rəislərin və komandirlərin əmrlərini vaxtında və sözsüz yerinə yetirməyə, xidməti vəzifələrini layiqincə icra etməyə çağırıb.

Tədbirdə yekun nitqi ilə çıxış edən Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov gənc kursantları hərbi andı qəbul etmələri münasibətilə təbrik edib. O, Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün müasir tibb elminin tələblərinə cavab verən hərbi həkim kadrların hazırlanmasını ölkəmizin müdafiə qüdrətinin artırılmasına xidmət edən mühüm amil kimi dəyərləndirib.

Ümummilli Liderimiz Heydər Əliyevin sərəncamı ilə 25 may 2000-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində Hərbi tibb fakültəsinin yaradılmsını böyük tarixi hadisə adlandıran Ç.Əlləzov, bu gün güclü və sarsılmaz Azərbaycan ordusunun əldə etdiyi uğurların arxasında ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyinin və davamlı qayğısının dayandığını vurğulayıb.

Fakültənin rəisi Azərbaycan ordusunda tibb xidməti sahəsi üzrə zabit və gizir kadrları hazırlamaq kimi şərəfli və məsuliyyətli işin məhz ATU-nun Hərbi tibb fakültəsinin üzərinə düşdüyünü, fakültədə təhsilin yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

Ali Baş Komandanın rəhbərliyi altında milli ordumuzun Vətən müharibəsindəki şanlı qələbəsindən də qürurla söhbət açan Ç.Əlləzov, bu müharibədə onlarla hərbi həkimin ən uca məqam olan şəhidlik zirvəsinə yüksəldiyini ehtiramla yada salıb.

Tədbirin sonunda kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib, hərbi marşın sədaları altında tribuna önündən keçiblər. Andiçmə mərasimində kursantların valideynləri və doğmaları da iştirak ediblər.

Qeyd edək ki, hərbi and içən 135 nəfərin 50-si Hərbi həkim işi ixtisası üzrə V kurs, 10-u Stomatologiya ixtisası üzrə IV kurs, 75 nəfəri isə Feldşer hazırlığı kursuna qəbul olunan kursantlardır. Feldşer hazırlığı kursuna qəbul olunanların 5 nəfəri Gülhanə Tədris Araşdırma Xəstəxanasına göndəriləcək, qalan 70 nəfər isə Hərbi tibb fakültəsində 6 qrupda təhsil alacaq.